Tahir Gözəl: “Qarabağ”ın tələblərinə cavab verən futbolçuları sıramıza qatmağa çalışacağıq”

01:09 20 Avqust 2020

“Qarabağ”ın başqanı Tahir Gözəl klubun mətbuat xidmətinə müsahibə verib. O, komandasının dünən Çempionlar Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasını məğlub edərək (4:0) növbəti mərhələyə yüksəlməsindən danışıb.

 

- Əlbəttə, komandam qələbə qazandığıma görə çox sevincliyəm. “Qarabağ” 5 aydan çoxdur rəsmi görüşdə meydana çıxmırdı. Amma komandamız təcrübəsini, xarakterini ortaya qoyaraq qələbə qazandı. Hocamızı, bütün komandamızı təbrik edirəm. Uğurlu başlanğıc hər zaman əsas hədəfə getmək üçün yaxşı motivasiya sayılır. Hələ yolun başındayıq. Oyundan-oyuna performansımızı daha da artıracağımıza inanıram.

 

- Vurğuladınız ki, 5 ay sonra komanda ilk oyununa çıxdı. Bu qədər uzun müddətdən sonra belə inamlı qələbə gözləyirdinizmi?

- Açığı, mənim üçün komandanın hansı hesabla qələbə qazanmağı heç də əsas deyil. Əla qələbə qazandıq.  Amma bu hesab bizi aldatmamalı, vurulan 4 qol bizi arxayınlaşdırmamalıdır. Bu qələbə heç də asanlıqla qazanılmadı. Futbolçular meydanın hər yerində mübarizə apardılar. Bilirik ki, hələ çox işləməliyik, getdikcə bizi daha çətin qarşılaşmalar gözləyir. Qələbədən məmnunam. Amma artıq bu oyunu unudub növbəti matçları fikirləşmək lazımdır.

 

- Ötən mövsümlə müqayisədə “Qarabağ”ın heyətində ciddi dəyişikliklər olub. Komanda yenilənib və gəncləşib. Sizin hər zaman fikirlərinizdə gənclərə önəm verdiyinizi görmək olar.

- Əlbəttə, “ Qarabağ”da nə qədər çox yerli gənc olsa, bu, yaxşı olar. Bunu mən həmişə vurğulamışam. Amma unutmayaq ki, “Qarabağ” daim yüksək hədəfləri olan komandadır. Uğur yolunda təcrübə mühüm amildir. Bilirəm ki, Qurban müəllim mümkün olduğu qədər gənclərə şans verməyə çalışır. Bu gün heyətimizdə yetərincə gənc var. Qurban müəllimlə işləmək onlar üçün əla şansdır. Mən inanıram ki, onların gələcəkdə Maksim Medvedev, Qara Qarayev kimi futbolçu olmaq şansı var. Bunun üçün üzərlərində çalışmalı və hazır olmalıdırlar.

 

- Ənənəvi olaraq, transfer məsələsi ilə bağlı da sualımız var. “Qarabağ”da yeni adlar görə biləcəyikmi?

- Biz dəfələrlə demişik ki, transfer məsələlərində bütün səlahiyyətlər komandamızın baş məşqçisi Qurban Qurbanova aiddir. Bilirsiniz, mövcud pandemiya səbəbindən transfer məsələləri olduqca mürəkkəbləşib. Həm çempionatlarda qarışıqlıq, eyni zamanda, iqtisadi durumlar futbolçu seçimini, transferini qəlizləşdirib. Amma buna baxmayaraq, axtarışlar davam edir. “Qarabağ”ın fəlsəfəsinə, duruşuna və tələblərinə cavab verən futbolçuları sıramıza qatmağa çalışacağıq.

 

- “Qarabağ”ın növbəti rəqibi “Şerif” (Moldova) - “Fola” (Lüksemburq) cütünün qalibi olacaq. Bu mərhələdə yenidən, sayca üçüncü dəfə “Şerif”lə qarşılaşma ehtimalı var. Komandamızın bu mərhələdə şansını necə görürsüz?

- Hər nə qədər “Şerif”in şansı yüksək qitmətləndirilsə də, Çempionlar Liqası turnirində matç bitmədən danışmaq düzgün olmaz. Düzdür, “Şerif”in evdə oynadığını nəzərə alsaq, qələbəyə yaxın görsənir. Moldovanlarla oynayası olsaq, işimizin heç də asan olmayacağını söyləmək olar. Nəzərə alsaq ki, hər iki halda “Şerif”i məğlub etmişik, bizimlə qarşılamaya revanş kimi baxa bilərlər. İstənilən halda mən komandama inanıram. Amma yenə də bu haqda oyundan sonra danışmaq daha düzgün olar.

 

- Mahir Emreli qol vurduqdan sonra əsgər salamı verməklə yadda qaldı. Onun bununla iyul hadisəsi zamanı qəhrəmanları yad etməsini necə qarşıladınız?

- Əlbəttə, bu hadisə məni çox duyğulandırdı. Artıq 17 ildir “Qarabağ”a rəhbərlik edirəm. Və bu müddət ərzində komandadan tək istəyim olub: Azərbaycanın, Qarabağın naminə meydana çıxdığınızı unutmayın. Klubda mütəmadi olaraq Qarabağ-Azərbaycan həqiqətlərinin mahiyyəti barəsində daim iş görülür. Mahirin bu hərəkəti klubun fəlsəfəsinin, görülən işlərin bariz nümunəsi idi. Əsl “Qarabağ”` futbolçusu ölkəsinə, bəşəri hadisələrə duyarlı olmalı və əlindən gələnin ən yaxşısını etməlidir.

 

- İyul hadisələri zamanı da “Qarabağ”da oynamış futbolçuların sosial şəbəkələrdə Azərbaycanı dəstəkləməsiylə bağlı təşəkkür ismarıcı vermişdiz. Ümumiyyətlə, bunu klubun bu yöndə davamlı fəaliyyətinin bəhrəsi kimi qiymətləndirmək olarmı?

- Çox sevinirəm ki, komandamızın futbolçuları  hansı klubu təmsil etmələrinin fərqindədilər. “Qarabağ”ın formasını geyinən hər bir futbolçu onun hansı bölgəni təmsil etməsini, nəyə xidmət etməsini, formasının məsuliyyətini anlamalıdır. İyul hadisələri zamanı nəinki hazırkı, eyni zamanda sabiq əcnəbi futbolçularımız Qarabağa, Azərbaycana sadiqliyini, sevgisini nümayiş etdirdilər. Eyni zamanda 2016-cı il hadisəsi zamanı ordumuzun qəhrəmanlıqları da futbolçularımızın diqqətində və sevgisində idi.  Xocalı faciəsi bəşər tarixinin ən ağır səhifələrindən biridir.  26 fevral günü mənim üçün ən önəmli məsələ komandamla bu hadisə qurbanlarının xatirəsini yad etmək və futbolçuların şüurunda bu hadisəyə xüsusi yer etməkdir. Mənim üçün idman uğurlarında daha çox idman əxlaqı, duruşu önəmli olub. Əgər bir klubda bunu formalaşdırsan, qələbələr də gələcək. Mən buna həmişə inanmışam.  Respublikamızın Prezidenti cənab İlham Əliyev  “Qarabağ”ı qəbul edərkən komandamızın idman nailiyyətləriylə yanaşı duruşunu, mənəviyyatıni xüsusilə vurğulamasını, klubun Qarabağ  həqiqətlərinin dünyaya çatdırılması yönündə spesifik rolunu bildirməsi düzgün yolda olmağımızın göstəricisidir. Bu, bizi qürurlandırmaqla yanaşı yeni hədəflərə kökləyir. Biz mənəvi gücümü adımızdan,  ölkə başçısından tutmuş sadə vətəndaşına qədər bir olan inamından alırıq. 

 

- “Qarabağ”ı bu il yenidən qruplarda görə bilərikmi?

- Mənim  komandama inamım hər zaman sonsuz olub. Bəlkə də 10-15 il bundan qabaq kimsə desəydi ki, “Qarabağ” Çempionlar Liqasında oynayacaq, ardıcıl 6 il avrokuboklarda qrup mərhələsində iştirak edəcək, heç kim ona inanmazdı. Amma o gün də, bu gün də komandama inanıram. “Qarabağ” artıq nəinki Azərbaycanda, eyni zamanda Avropada özünəməxsus bir markadır. İnanıram ki, komandamız yenə də inanılmazı bacararaq uğurlu nəticələr əldə edəcək.


Digər xəbərlər

Xəbər xətti