"Məqsədimiz avrokuboklara getməkdir" - "Sabah"ın baş məşqçisi

11:29 23 Avqust 2020

Azərbaycan Premyer Liqasında I turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Visente Qomes jurnalistlərin suallarını cavablandırdı.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Birinci hissədə pis oynamadıq. Külək bizə qarşı idi və irəli çıxmaq çətin idi. Müdafiədə düzgün işlədik. İkinci hissədə külək bizim xeyrimizə idi, daha çox topla rəftar edirdik. Sadəcə yekun nöqtəni qoymaqda bir qədər dəqiqlik çatmadı. “Qarabağ” kimi komandalara qarşı belə olduqda cəzalanırsan.

 

- Bu mövsüm komandanızdan hansı futbolu gözləyək: hücum futbolu, müdafiə oyunu, yoxsa bunların qarışığı?
- Bu oyunda bəzi detallar göründü. İrəlidə pressinq edib, topu əldə edən komanda olmaq istəyirik. Qısa-uzun ötürmələrlə rəqibin boşluqlarından istifadə etməyi planlaşdırırıq. İstəyirik ki, komandamız intensiv oynasın: tək fiziki yox, mental cəhətdən də. Cəld qərarlar qəbul etməyi bacarmalıyıq. Sona kimi döyüşən, heç zaman təslim olmayan komanda formalaşdırmaq istəyirik. “Qarabağ” kimi komandaya qarşı top saxlamaq çətin oldu. Belə şəraitə də uyğunlaşmaq lazımdı. Bu gün topa daha çox nəzarət etmək istəyirdik, ancaq rəqib bizi arxaya çəkilməyə məcbur etdi. Müdafiə olunarkən də düzgün oynamaq lazımdı. İlk hissənin son saniyəsində vurulan topu çıxsaq, yaxşı müdafiə olunduq.

 

- Azərbaycan çempionatına baxarkən hansı məqamlar diqqətinizi daha çox çəkir?
- Bura gəlməmişdən kifayət qədər məlumatım yox idi. Bir neçə oyuna baxdıqdan sonra görürəm ki, matçlar əsasən bərabər şəkildə keçir. “Qarabağ” və “Neftçi” bir qədər üstün görünür, digər komandalar isə bir-biri ilə “döyüşür”.

 

- Əlinizdəki heyət istədiyiniz intensiv futbolu oynatmaq üçün yetərlidimi?
- Bura gələndən müəyyən ideyalarım və əlimdə müəyyən bir material var. Bunların cəmindən bir üslub yaratmaq istəyirik. Əlimizdəki oyunçulardan fəlsəfəmizə uyğun istifadə etmək və bunu inkişaf etdirmək istəyirik. Hazırda bu proses gedir. İnanıram ki, qısa zamanda bunu tətbiq edə biləcəyik.

 

- Komanda məğlub durumda olsa da, hücumçunu hücumçu ilə əvəzlədiz. İki forvardla oynamağa risk etmədiz?
- Oyun quruluşumuza inanıram. Başlanğıcda 4-3-3 sistemi ilə oynayırdıq. Ancaq bəzən müdafiə olunarkən bu, 4-4-2 sxeminə çevrilirdi. Hücumda da belə məqamlar olurdu. İki hücumçu ilə oynamağa üstünlük vermədik. Eyni tip hücumçuların meydanda olmasını istəmədik. 3-cü dəyişikliyimiz də hücumda aktivliyə hesablanmışdı. Mənim üçün önəmli olan nə ediriksə, bunu keyfiyyətli olmasıdı. Meydana 6 müdafiəçi buraxsaq, bu, o demək deyil ki, biz daha yaxşı müdafiə olunacağıq. Eyni şeyi hücum haqda da demək olar. Ola bilər ki, düz fikirləşmirəm.

 

- Kapitanınız Ruslan Abışov zədələnib. Onun durumu necədi?
- Onun bel əzələsində problem var. Ona görə də bu gün meydana çıxa bilmədi. Davamlı məşqlərdən sonra sıralarımıza qoşulacağına inanıram.

 

- Sizin çempionatda şəxsi hədəfləriniz nədi? Klub rəhbərliyi qarşınıza hansı məqsədi qoyub?
- Klub olaraq məqsədimiz avrkuboklara getməkdi. Hansı pilləni tutacağımız yalnız bizdən asılı deyil, digər iddialı komandalar da var. Əlimizdə olan materialdan maksimum yararlı istifadə etməyə çalışacağıq. Öz oyun üslubumuzu yaratdıqdan sonra lazım olan pillələri tuta biləcəyimizə inanıram. Mən bizdən asılı olan şeylərə konsentrasiya olmaq istəyirəm.


Digər xəbərlər

Xəbər xətti