“Hər iki komandanın futbolçularını təbrik edirəm. Beş ay uzun fasilədir. Bu qədər futbolsuz qaldıq. Hər iki komanda meydanın hər qarışı uğrunda mübarizə apardı. İlk tur üçün dinamik və baxımlı oyun oldu”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 1-ci turunda bu gün səfərdə “Qəbələ” ilə keçirdikləri oyundan (1:1) sonra təşkil edilən mətbuat konfransında deyib. "Zirə"də baş məşqçi kimi ilk rəsmi oyununa çıxan Sadıqov görüş haqda sualları cavablandırıb.
- “Zirə” ilə 3 illik müqavilə imzalamısınız. Gözləmək olar ki, ilk ilinizdə heyəti formalaşdıracaqsınız, sonra isə hədəflər uğrunda mübarizə aparacaqsınız?
- Rəhbərliklə danışıqda məqsəd müzakirə edilməyib. Yaxşı komanda qurmaq istəyirik. Bunu da zaman göstərəcək. Elə bir şey yoxdur ki, mən nəticə düşünməyim. Yarışın içindəyiksə, nəticə də istəyirik. Ancaq düzgün futbol oynamağa çalışmalıyıq. Yaxşı futbolla nəticə arzu edirik.
- Hacıağa Hacılı U-21 millisində də qırmızı vərəqə almışdı. İntizamsız futbolçu deyil, amma bu səhvlərinə görə onunla söhbət etmisiniz?
- Elə məsələlər var ki, zaman məsələsi deyil. Elə ola bilər ki, karyerasının sonuna qədər belə davam etsin. Bu da onun döyüşkənliyindən xəbər verir. Onun mübarizliyini çox sevirəm. “Qarabağ”dan 1 illik icarəyə götümüşük. Hacını dəyişmək istəyirdim, bilirdim ki, təhlükəlidir. Ancaq belə alındı. İnanıram ki, gələcəkdə bundan dərs çıxaracaq. Hacı getdikcə düzələcək və bu tip səhvləri düzəldəcək.
- Rəşad Eyubovun meydana daxil olması qələbə üçün edilmiş dəyişiklik idi?
- Bəli, hücum potensialımızı İlkin və Rəşadı buraxmaqla gücləndirmək istədik. Tam düşündüyümüz kimi alınmadı. Ancaq futbolçular yaxşı mübarizə apardılar. “Qəbələ” də dinamik oynayırdı. Hər iki komanda yekunda 1 xala razı oldu.
- Komandanın mərkəz hücumçusuna ehtiyacı yoxdur?
- Hələ ki, mərkəz hücumçusu barədə düşünmürəm. Kreativ və topla oynamağı bacaran futbolçuları sevirəm. Bizdə Ağabala Ramazanov, David Volkov, Ruslan Qurbanov, Klesio Bauk hücumun mərkəzində oynaya bilir. Ağabala bu gün qol vurdu. Başqa epizodlarımız da oldu. Əsas problemimz nominal hücumçunun olmaması deyil. Bu mövqeydə problem olduğunu düşünmürəm.
- Rəşad Eyubov istənilən kimi oynamadı…
- Rəşad Eyubov bundan çox yaxşısını bacarır. Onun futbol bacarığını sevirəm. Rəşad “Sabah”da zədələnmişdi. Eyubov 7-8 oynamadı, bunu nəzərə alsaq, pis çıxış etdiyini düşünmürəm.(sport24.az)