Xəbər verdiyimiz kimi, AFFA hazırda Yunanıstanın "Atromitos" klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.
Millimizin təlim-məşq toplanışına artıq avqustun 27-də start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA tərəfindən hələ yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev millimizə qoşulmayacaq.
Xatırladaq ki, bundan əvvəl millimizin ölkə xaricində çıxış edən daha iki üzvü - Dmitri Nazarov ("Aue", Almaniya) və Eddi İsrafilov ("Albasete", İspaniya) da koronavirus pandemiyası ilə əlaqədar Bakıya gəlməyəcəklərini açıqlayıblar.
Qeyd edək ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasında sentyabrın 5-də Lüksemburqu qəbul edəcək, sentyabrın 8-də isə Kiprin qonağı olacaq.