"Qəbələ" 15 yaşında

12:27 1 Sentyabr 2020

Bu gün “Qəbələ” İdman Klubunun 15 yaşı tamam olur. 2005-ci il sentyabrın 1-də peşəkar klub kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən komandanın əsası daha əvvəl qoyulub. 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib.

Klub bundan dörd gün sonra -2005-ci il sentyabrın 5-də AFFA-da da qeydiyyatdan keçib. 2005-2006-cı illər mövsümündə Azərbaycan çempionatının I dəstəsində debüt edən klubun adı 2006-cı ilin əvvəlində dəyişdirilərək “Gilan” qoyulub. İlk mövsümdə Xanları təmsil edən klub I dəstənin çempionu adına yiyələnərək, Premyer Liqaya vəsiqə qazanıb.

2006-cı ilin yayında Xanlardan Qəbələyə köçən komanda 2007-ci il avqustun 31-də “Gilan” PFK adını “Qəbələ” PFK adına dəyişdirib.

Premyer Liqada 15-ci mövsümünü keçirən klub bu müddətdə dəfələrlə mükafatçılar sırasında yer alıb. 2013-2014, 2014-2015, 2015-2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən “Qəbələ” 2016-2017 və 2017-2018-ci illər mövsümlərində gümüş medal qazanıb. “Qəbələ”nin futbolçuları da  Azərbaycan çempionatının bombardiri adına yiyələnib. 2016-2017 mövsümündə Filip Ozobiç 11, 2017-2018 mövsümündə isə Baqali Dabo 13 topla mükafata sahib çıxıb. Komandanın uğurları ölkə kubokunda da əksini tapıb. 2018-19-cu illər mövsümünün Naxçıvanda təşkil olunan final matçında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ilk tituluna yiyələnib. “Qırmızı-qaralar” 2013-2014, 2016-2017, 2017-2018-ci illər mövsümlərində kubokun finalına qədər irəliləyib.

2014-cü ilin yayında avrokuboklarda debüt edən "Qəbələ" ardıcıl 6 dəfə qitəmiqyaslı turnirdə qüvvəsini sınayıb. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən “Qəbələ” 2015-2016-cı illər mövsümündə UEFA Avropa Liqasında qrup həyəcanı yaşayıb. Komanda növbəti mövsümdə də eyni uğura imza ataraq turnirin tarixində ardıcıl iki dəfə 4 mərhələ adlayan ilk iştirakçı olub. 2017-ci ilin yayında isə “Qəbələ” bu turnirdə III təsnifat mərhələsinədək irəliləyib.

“Qəbələ” milli komandalar üçün də baza klublarından birinə çevrilib. Əsasən aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klub ölkənin əsas millisində də təmsil olunub. Həmçinin, futbolçular Avropa və Afrikanın müxtəlif ölkələrinin yığmalarında da çıxış edib. Üç futbolçu - Rəşad Sadiqov, Tellur Mütəllimov, Elvin Camalov U-21 millisinin heyətində İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. Azərbaycanın əsas yığmasında “Qəbələ”ni 26 oyunçu təmsil edib. Cavid Hüseynov daha çox – 16 matça çıxıb. Mahir Şükürov “qırmızı-qara” forma geyindiyi dövrdə yığmada daha çox – 3 top vurub.

Akademiyanın müxtəlif yaş qrupları üzrə komandaları AFFA-nın təşkil etdiyi liqalarda uğur qazanıb. 32 dəfə Azərbaycan çempionu olan "Qəbələ" təmsilçiləri 21 gümüş və 11 bürünc medal da əldə edib. Ötən mövsüm U-19, U-16 və U-15 qızıl medallara sahib olub. U-19 komandası ölkə çempionu kimi 2016-cı ildə UEFA Gənclər Liqasında debüt edib. İki ildən sonra “Qəbələ” bu turnirdə mərhələ adlayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. Bu il komanda tarixində 4-cü dəfə bu yarışa qatılacaq. Bundan başqa, əvəzedicilərdən ibarət komanda da ölkə birinciliyində uğurla çıxış edib. 2015-2016-cı illər mövsümünün çempionu olan “qırmızı-qaralar” 4 gümüş və 2 bürünc medal da qazanıb.

Qəbələ şəhər stadionu iki dəfə Azərbaycan kubokunun final oyununa ev sahibliyi edib. Bu, 2014-2015 və 2017-2018-ci illər mövsümlərinə təsadüf edib. Avrokubokların təsnifat görüşlərini qəbul edən arenada əsas komandanın iştirakı ilə beynəlxalq “Jalə” kuboku, 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib. Burada Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarının, həmçinin Premyer Liqa klublarının təlim-məşq toplanışları və yoxlama oyunları da keçirilib.

2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri – boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur. "Qəbələ" idmançıları bu müddətdə Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Komandanı Bakı-2015 Birinci Avropa Oyunlarında təmsil edən idmançılardan 2-si qızıl olmaqla 5 medala sahib çıxıb. Braziliyanın Rio-de-Janeyro şəhərindəki Yay Olimpiya Oyunlarında boksçulardan Lorenso Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medal qazanıbsa, taekvondoçu Milad Beiqi Harçeqani də 3-cü yeri tutub. 2017-ci ildə Bakıda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında 19 medal qazanan “Qəbələ” idmançıları 8 çempionluq sevinci yaşayıblar. Qəbələ Atıcılıq Klubu da bir sıra beynəlxalq yarışlara, o cümlədən Dünya Kubokunun final mərhələsi, Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələlərə ev sahibliyi edib.

Qeyd edək ki, "Qəbələ"nin prezidenti Fariz Nəcəfovdur. 2008-ci ildən vitse-prezident kimi fəaliyyət göstərən Nəcəfov ötən ilin aprelindən klubun rəhbəridir. Buna qədər isə kluba Tale Heydərov rəhbərlik edib. Klubun inkişafında, Azərbaycan futboluna verdiyi töhfədə bu iki şəxsin müstəsna xidmətləri olub.


Digər xəbərlər

Xəbər xətti