Əmrah Çəlikəl: “Molde”ni başqa ölkədə qəbul etməyimiz qəbulolunmazdır” - MÜSAHİBƏ

17:33 3 Sentyabr 2020

Sportarena.az “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin müsahibəsini təqdim edir:

 

- Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” matçının məkanı hələ də açıqlanmayıb. Son durum nədir?

- Hələ qərar verilməyib, biz özümüz də gözləyirik. Bizim üçün də vacib məsələdir.

 

- Artıq pley-off mərhələsinin belə, bəzi oyunlarının yeri bilinir. Belə vəziyyət nə qədər sürə bilər?

- Vəziyyətin bu həddə çatması bizim qarşı tərəflə vuruşmağımızdan qaynaqlanır. Əgər onların istəyini qəbul etsəydik, çoxdan demişdilər ki, gedin, Macarıstanda və ya başqa bir ölkədə oynayın. Məsələnin bu qədər uzanmasının yeganə səbəbi odur ki, hərtərəfli üstlərinə gedirik.

 

- “Molde” klubunun tələbini nə dərəcədə doğru hesab edirsiniz? Axı onların irəli sürdüyü problem ölkədaxili məsələdir...

- Sözsüz ki, bunda bizlik heç bir problem yoxdur. Əvvəlcədən də demişik ki, qapımız hər kəsə açıqdır və təminat da veririk. Ancaq yəqin ki, proses belədir. Qərarın yubanması onu göstərir ki, UEFA bizim haqlı olduğumuzu görür. Bizim mövqeyimiz səhv olsaydı, deyərdilər ki, başqa ölkədə oynayın.

 

- UEFA-nın belə gec qərar verməsi norveçlilərin təzyiqindən qaynaqlanır?

- Əlbəttə. Onlar da bir tərəfdən UEFA-ya təzyiq göstərir. “Biz əvvəlcədən də demişik ki, heç yerə getməyəcəyik” iddiasındadırlar. Bizə görə məntiqli olmasa da, öncədən deyilib. Amma bizim də başqa ölkəyə getməyimiz qəbulolunmazdır. Ona görə ki, ev sahibiyik və rəqibi qəbul etməliyik. Məsələ olduqca mürəkkəbdir, UEFA-nın mövqeyi də başadüşüləndir. Norveç tərəfi müqavimət göstərir. Qeyri-müəyyən durumun uzanmağından belə başa düşürəm ki, qərarın bizim xeyrimizə verilməsi daha real görünür.

 

- UEFA “Molde” klubunun tələbini qəbul edərsə, bununla bağlı hər hansı addım atmağı düşünürsünüzmü?

- Belə bir qərar gözləmirəm. Çünki matçın Azərbaycanda keçirilməsi üçün yetərincə faktlar var. Təbii ki, UEFA-nın istənilən qərarına hörmətlə yanaşacağıq. Əgər istəmədiyimiz qərar çıxarsa, bu, başqa ölkə klublarının da mövsümün gedişində eyni tələblə UEFA-ya müraciət etməsinə yol aça bilər. Qitə futbol qurumu bütün bunları yəqin ki, götür-qoy edir. Ancaq inanmıram ki, bizi harasa göndərsinlər. Norveç  komandası bura gəlməlidir (apasport.az).


Digər xəbərlər

Xəbər xətti