"Rahat ola bilərsiniz, günahkar var" - De Byazi

22:40 5 Sentyabr 2020

“Oyunun ilk 10 dəqiqəsini yaxşı keçirmədik. Topla davranışda problemlər oldu. Bu, psixoloji durumla bağlı ola bilər”.

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasında C liqasının 1-ci qrupunun ilk görüşündə Lüksemburqla Bakıda keçirilən oyundan (1:2) sonra mətbuat konfransında deyib.

 

- Özümüzə gələndə qırmızı vərəqə aldıq. Matçın yarıdan çoxunu 10 nəfərlə keçirdik. Nəzərə almaq lazımdır ki, mövsümün əvvəlidir, futbolçuların fiziki hazırlığı yaxşı deyil. İkinci hissədə iki səhv etdik, penalti oldu. Sonlarda oyunçuların yorğunluğu görünürdü. Lüksemburq güclü komandadır, çoxdandır bir yerdə oynayırlar. Hazır mexanizmləri var. Almaniya, Fransa, Ukraynada oynayan oyunçuları var. Bizim üçün vacib test idi. Düşünmürəm ki, 12 məşqlə yekun qərar vermək olar. Meydanda olan bütün oyunçularımıza təşəkkürümü bildirmək istəyirəm. 26-cı dəqiqədən azlıqda oynamaq çox çətindir. Hətta qol da vurduq. İnkişafımızı davam etdirməliyik. Xüsusən də, həm fiziki, həm də oyunu oxumaq, taktiki cəhətdən”.

 

- Penalti, qırmızı vərəqə, avtoqol və zəif oyun. Bütün bunlara baxmayaraq, gələcəklə bağlı ümidverici nəsə gördünüzmü?

- Bəli, ümidverici məqam görürəm. Xüsusən də, oyunçuların reaksiyasını qeyd edərdim. Pozitiv hal odur ki, 10 nəfərlə irəli çıxdıq, qol vurduq. Amma avtoqol və penalti işimizi çətinləşdirdi.

 

- Düşünmürsünüz ki, Millətlər Liqasına həddən artıq çox önəm veririk. Olmazmı ki, bu turnirə dünya çempionatının seçmə mərhələsinə hazırlıq kimi yanaşaq?

- Hər bir oyundan maksimum istifadə etməliyik ki, daha güclü olaq, komanda oyununu quraq. Bu gün komandada böyük istək gördük. Baxmayaraq ki, çox güclü komanda ilə qarşılaşırdıq. Rəqib çoxdandır bir yerdə oynayır. Çox vaxt futbolçular ötürməni arxaya verirdilər. Halbuki bunu futbolçulardan istəməmişdim. Fiziki cəhətdən hələ tam hazır deyilik.

 

- Ramil Şeydayevin əvəzlənməsini, bir ildir futbol oynamayan Araz Abdullayevin oyuna qoşulmasını, beynəlxalq təcrübəsi olmayan Adil Nağıyevin meydana daxil olmasını necə izah etmək olar?

- Şəxsən mən komandanı yaxşı tanıyıram. Personal baxımdan xarakterlərini o qədər yaxşı bilməyə bilərəm. Ramil hər şeyini ortaya qoymuşdu artıq, bu üzdən Renat meydana daxil oldu. Fiziki cəhətdən güclü oyunçu lazım olduğu üçün Araz Abdullayevi meydana buraxdım. Adil Nağıyevə gəlincə, rəqib 2 mərkəz hücumçusuna keçdiyi üçün mərkəz müdafiəçilərinin sayını artırmaq üçün onu meydana buraxdım. Hamı səhv edir.

 

- Bu gün kikboksinq, voleybol gördük, amma futbol görmədik. Belə oyuna görə, konkret kimlər günahkardır?

-  Səhv həmişə məşqçinindir. Rahat ola bilərsiniz, günahkar var.

 

- Qeyd etdiniz ki, ilk 10 dəqiqədə zəif təsir bağışladınız. Amma ikinci hissənin əvvəlində də komanda psixoloji cəhətdən hazırlıqsız görünürdü. Fasilə zamanı buna bir tədbir görmək olmazdı?


- Düz vurğuladınız, oyuna çətin başladıq. Özümüzə gəlməyə çalışdıq. Rəqibin texniki cəhətdən güclü oyunçularının olduğunu bilirdik. Ortanı bağlayıb, rəqibi cinahlara yönəltməyə çalışdıq. Amma asan deyildi. Uşaqlara tapşırmışdım ki, əks-hücuma sürətli çıxsınlar. Təmkin Xəlilzadə və Namiq Ələsgərovdan cinah keçidləri gözləyirdik. Bəzən alındı, bəzən yox. 3 mərkəz müdafiəçisinə keçəndə düşündük ki, daha rahat olar. Amma komanda yorulmuşdu.


- Komandanın vəziyyətini gördünüz. Futbolçularda milli ruh, inam yox idi. Bu gedişlə fiasko gözlənilmir?

- Komandadan bu gün razı qaldım. Bütün oyunçular maksimum güclərini meydana qoydular. Əvəzləmədən meydana daxil olanlar da pis oynamadılar. Koronavirusa görə, uzun fasilə yaranmışdı. Əksər futbolçular fiziki cəhətdən hazır deyildilər. Standart vəziyyətlərdə səhvlərimiz olmadı. Rəqibin pressinqinə görə çoxlu uzun ötürmələrə üstünlük verirdik. Bu da işimizi çətinləşdirirdi. Çünki ayağımızda çox top saxlaya bilmirdik. Avropa səviyyəli komanda olmaq üçün çox çalışmaq lazımdır.

 

- Artıq ilk rəsmi görüş arxada qalıb. Millinin potensialı nəyə ümid etməyə imkan verir?

- İndi nəsə demək çətindir. Nəzərə alaq ki, qeyri-adi situasiyadayıq. Azərbaycan çempionatının oyunlarına da baxmışam. Bizdə texniki baxımdan yaxşı oyunçular var. Maksimum dərəcədə optimist olmalıyıq. Məqsədə çatmaq üçün oyunçuları inandırmalı və bunun mümkünlüyünü onların beyninə salmalıyıq. Uduzmuşuqsa, günahkar mənəm.

 

- Rəqibin baş məşqçisi bildirdi ki, Azərbaycan millisi əvvəllər ispan stilində oynayırdı, amma bu gün hansı stildə oynadığını başa düşmədim. Bunu necə dəyərləndirə bilərsiniz?

- Hər kəsin öz düşüncəsi var. Mən heç kim haqda danışmıram, ancaq öz komandam barədə düşünürəm. Görünür, rəqibin baş məşqçisi çox sevindiyindən, bu sözləri deyib.

 

- Fiziki hazırlıqla bağlı çatışmazlığı xüsusi qabartdınız. Düşünmürsünüz ki, Premyer Liqanın davam etdirilməməsi milli komandaya mənfi təsir etdi?

- Əminliklə demək olar ki, bunun təsiri olub. Öz həmkarlarımla da danışıram, hamısı eyni fikirdədir. Bu, hamı üçün qeyri-adi durumdur. Ümidvarıq ki, tezliklə vəziyyət düzələcək.

 

- Bakıya gələndə demişdiniz ki, Lüksemburqla matça Çempionlar Liqasının finalı kimi hazırlaşacağıq. Çempionlar Liqasının final matçının əvvəlində heç nədən qırmızı vərəqə alan futbolçuya baş məşqçi nə qədər güvənə bilər?

- Mahir Emreli yaxşı uşaqdır, yaxşı oyun keyfiyyətləri var. Böyük səhv idi, bunu hamımız başa düşürük. Amma bilmirəm, niyə belə etdi. Bu hərəkəti ilə komandamıza zərbə vurdu. İnanıram ki, digər futbolçular bunu görüb, eyni səhvi bir daha etməzlər.

 

- Himnimiz səslənərkən sanki oxuduğunuz görünürdü. Yalnız Azərbaycan deyilən hissəsini bilirsiniz, yoxsa öyrənməyə çalışırsınız?

- Çalışacağam tam öyrənəm. Hələlik ancaq Azərbaycan, Azərbaycan hissəsini bilirəm. Albaniyada da bunu etmişəm. Sözlərini artıq tərcümə etdirmişəm. Himn çox xoşuma gəlir. Sizə daha yaxın olmaq, sizdən biri olmaq istəyirəm. Azərbaycan dili çətin olsa da, bunu öyrənməyə çalışacağam.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti