Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ilk turunun xoşagəlməz hadisələri müzakirə olunub və müvafiq qərarlar verilib. “Neftçi” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Sumqayıt” – “Keşlə” matçında qonaqların oyunçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün komandasını 800 manat ziyana salıb.
“Qəbələ” – “Zirə” görüşündə təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibləri 400 manat ödəyəcək. Bu qarşılaşmada topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün qəbələlilər daha 800 manat cərimələnib.
“Zirə”nin futbolçusu Hacıağa Hacılı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun diskvalifikasiya edilib, klub 200 manat cərimə olunub.