"Əgər 1 faiz şansımız varsa, ondan maksimum yararlanmağa çalışacağıq” - “Neftçi”nin baş məşqçisi

19:15 16 Sentyabr 2020

“Bilirik kimə qarşı oynayacağıq. “Qalatasaray”ın səviyyəsindən çox danışmağa ehtiyac yoxdur”.

 

Sportarena.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”la keçiriləcək oyunu dəyərləndirərkən deyib. Bakı klubunun çalışdırıcısı bu gün təşkil olunan mətbuat konfransında Türkiyə nəhəngi ilə görüşə hazır olduqlarını söyləyib: “Rəqib barədə ətraflı analiz aparmışıq, futbolçuları məlumatlandırmışıq. Sabah qələbə üçün bütün oyunçularım əllərindən gələni edəcəklər. Əgər 1 faiz şansımız varsa, ondan maksimum yararlanmağa çalışacağıq”.

 

- "Qalatasaray"ın ən güclü tərəfi hücum xətti görünür. Amma "Neftçi"də dayaq yarımmüdafiəçisi mövqeyi ilə bağlı problemləri var...

- Rəqibin güclü və zəif tərəflərini bilirik. Əgər son oyuna görə belə deyirsinizsə, haqlısınız. Amma sabahkı oyun tam başqa olacaq. Rəqibi tam analiz etmişik deyiriksə, deməli, ona qarşı hansısa planlarımız var.

 

- "Sumqayıt"la matçdan sonra demişdiniz ki, oyunçulardan tam razı qalmadınız. Heyətdə dəyişiklik gözlənilir?

- Hələ tam qərar verməmişik. Son məşqimizi də keçdikdən sonra qərar verəcəyik.

 

- Komandanı psixoloji "yama"dan çıxarmaq üçün nə etmisiniz?

- Düşünmürəm ki, "yama"dayıq. Sadəcə, məğlub olmuşuq. Komandanı maksimum dərəcədə psixoloji cəhətdən hazırlayacağıq. Futbolçularımız təcrübəlidirlər, belə rəqiblərə qarşı oynayıblar.

 

- Bu oyunu sizin və komandanız üçün böyük şans saymaq olar?

- Belə komandalara qarşı uğur qazanmaq tarixə düşməkdir. Hər bir futbolçumuz da qələbə qazanıb, "Neftçi"nin tarixinə düşmək istəyir.

 

- Son oyun göstərdi ki, müdafiə xəttində problem var. Sabah onlardan nə gözləyirsiniz?

- Yaxşı oyun gözləyirəm. Mbodjla heç bir problemim yoxdur. O, səhvlərini gördü, bir-birimizi başa düşdük. Komandamdan gözəl, mübariz, döyüşkən oyun gözləyirəm.

 

- Matça qısa müddət qalmış stadion dəyişdi. Bu, sizin planınıza nə dərəcədə təsir etdi?

- Elə təsiri olmadı. Doğma şəhərimizdə oynayırıq. Milli komandamız da bu arenada çıxış etmişdi.

 

- Emin Mahmudovla bu oyun haqda xüsusi söhbət olubmu? Çünki onun oyunu alınanda komanda yaxşı çıxış edir...

- Mənim üçün hər bir futbolçu dəyərlidir. Bütün futbolçularla həm individual, həm də komanda şəklində danışmışıq. Onlar balaca deyillər, oyuna tam hazırdırlar.

 

- Yeni hücumçunun son durumu nədir?

- Tam qərarı son məşqin ardından verəcəyik. Onun durumu ürəyimcədir (apasport.az)


Digər xəbərlər

Xəbər xətti