Premyer Liqanın 4-cü turunda “Qəbələ” ilə heç-heçə edən (1:1) “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun oyundan sonra mətbuat konfransı keçirilib.
Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
- Komandanı oyuna yaxşı kökləmək üçün nə qədər çalışsaq da, istədiyimiz əzmkarlığı görə bilmədik. Rəqib bizdən daha istəkli idi. Ona görə də daha arzulu görünürdülər. Çoxlu top itkilərimiz oldu. Bu da oyunumuza mane olurdu. Çox istəyirdik ki, qalib gələk. Futbolçulara lazımlı şeyləri demişdik. Təəssüf ki, bunları meydanda görmədik.
- “Neftçi”nin son dəqiqə qolu ilə məğlubiyyətdən qaçmağa belə sevinməsi gözlənilməz oldu...
- Əslində, sevinmirdik. Məğlub olmaq istəmirdik. İkinci qolu vurmaq üçün az vaxt qalmışdı. Bərabərliyi gec təmin etdik. Bütün oyunu zəif oynadıq.
- Anton Krivotsyuk çox səhv edir. Ona hədsiz güvəninizin səbəbi nədi?
- O, pis oyunçu deyil. Çoxlu səhvlər etdi. Top itkiləri, texniki səhvlər, lazımsız foullar var idi. Gərək daha ciddi hazırlaşsın, məsuliyyətli olsun. Artıq uşaq deyil. Zəif oynayacaq, oturacaq ehtiyatda.
- Meydana sonradan girən Sabir Buqrini əsas heyətdə görə bilərikmi?
- Həftə ərzində məşqlərə baxacağıq. Son oyunlarda zəif çıxış etmişdi. Belə davam etsə, əsas heyətdə yer alacaq.
- Prins İbaranı meydandan çıxarmağınız nə ilə əlaqəli idi? İki hücumçulu sistemə keçmək olmazdı?
- Yorulmuşdu, oyun praktikasına ehtiyacı var. İki hücunmçulu sistemə keçə bilərdik, amma bu halda yenə qol buraxa da bilərdik. Yorğun futbolçunu meydanda saxlamaq bizə fayda verməzdi.
- Top itkiləri hədsiz çoxdu. Bunun aradan qalxması üçün neçə tur laızmdı?
- Bu, problemdi. Top saxlamaq üçün keyfiyyət və praktika lazımdı. Oyundan oyuna daha yaxşı olacağıq. Məşqlərdə də bunun üzərində işləyirik. Amma məşqlə oyun başqadı.
- Bu gün qələbə qazanmaqla vahid lider ola bilərdiz. Sanki özünüz öz işinizi çətinləşdirdiz. Futbolçuları cəzalandırmağı düşünmürsüz?
- Belə zamanda futbolçuların yanında olmaq, onlara dəstək göstərmək önəmlidi. Eyni sözləri mən də komandaya söyləmişəm. Rəqiblərimizdən uzaqlaşa bilərdik. İnanmıram ki, futbolçular bunu istəməsin. Bəlkə də, daha rahat qələbə qazanacaqlarını gözləyirdilər. Bu tur bütün oyunlar mübarizəli oldu. Bütün çempionat belə keçəcək. Hansı komanda mübarizə aparsa, o da qələbələr qazanacaq. Futbolçuları cəzalandırmaq çıxış yolu deyil. Problemləri üzə çıxarıb, həll etməyə çalışmalıyıq.