“Bizim üçün xoş olmadı. Daha yaxşı olan bir komandaya çox vacib matçda məğlub olduq”.
Sportarena.az xəbər verir ki, bunu Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən matçı dəyərləndirərkən deyib.
Polşa Ordu Stadionunda Azərbaycan çempionu qarşısında aciz qalan varşavalılar (0:3) avrokuboklarla vidalaşıb.Görüşdən sonra təşkil olunan mətbuat konfransında Mixneviçin məğlubiyyət şərhi belə olub: “Qol vurmaq üçün çox imkan yaratmadıq. Rəqib bu baxımdan daha yaxşı idi və çox şansları oldu. Gələcəkdə belə oyunlarda uduzmamaq üçün üzərində işləməli olduğumuz məqamlar var”.
Çalışdırıcı əlavə edib ki, “Qarabağ”ı öncədən təhlil etmişdilər və Azərbaycan təmsilçisi gözlədikləri kimi çıxış edib: “Meydanın mərkəzini ələ keçirdikləri və cinahları işə saldıqları zaman bizə problem yaradırdılar. Bu səbəbdən daha çox yarımmüdafiəçinin və hətta iki hücumçunun topu aldıqdan sonra yarımmüdafiədən hücum qurmasını istəyirdik. Vaxt keçdikdə rəqibin boşluqlar buraxacağını və cinah hücumçularımız üçün şanslar yaranacağını düşünürdük. Qrup mərhələsinə yüksələcəyimizi güman edirdim. Nəticə dəhşətlidir, amma sabahdan etibarən gücümüzü bərpa edib, növbəti matça hazır olmağa çalışacağıq” (apasport.az).