“Penaltini Qaranın vurmasını mən istədim” - De Byazi

10:20 14 Oktyabr 2020

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Kiprə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, italyan mütəxəssis 0:0 hesabıyla başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Fasilədən sonra da yaratdığımız imkanları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçular meydanda ürəklərini qoydular. Qrupdakı son şansımızdan istifadə etmək istəyirdik. Təəssüf ki, alınmadı. Bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan istifadə edə bilmədik.Oyuna yaxşı köklənmişdik. Qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq hücumameylli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək.

 

Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qaranın vurmasını mən istədim. Komandamızın kapitanıdır. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin”.


Digər xəbərlər

Xəbər xətti