“Yaxşı bir kollektiv ilə oynayırıq. İspaniyanın ən güclü komandalarından biridir. Bunların fərqindəyik və biz də yaxşı komandayıq”.
Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sivasspor”un baş məşqçisi Rza Çalımbay deyib.Türkiyə klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında sabah “Vilyarreal”la keçiriləcək görüş barədə danışıb. O, əsas məqsədlərinin Türkiyəni turnirdə layiqli şəkildə təmsil etmək olduğunu bildirib: “Həm özümüz, həm də Türkiyə üçün çox önəmli matçlardır. İnşallah, səfərdən xal və ya xallarla dönərik. Komandama inanıram. Tək qorxum zədədir. Bütün komandanı İspaniyaya aparırıq, amma zədəlilərimiz var. Meydana 17-18 futbolçudan ibarət heyətlə çıxacağıq".
Türkiyəli mütəxəssis ən vacib oyunlarının öz meydanlarında olacağını əlavə edib: “Qrupda ilk matç çox önəmlidir. Amma əsas məsələ "Qarabağ" və "Makkabi" ilə ev oyunlarımızdır. O qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik".
Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Eyni saatda "Qarabağ"ın İsraildə "Makkabi" ilə görüşünə start veriləcək.