"Makkabi"nin baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin I turunda Tel-Əvivdə "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, komandasının sabahkı matça hazır olduğunu söyləyib:
"Son iki həftə bizim üçün yaxşı oldu. Futbolçular sağaldılar. Onlar bu gün komandaya qoşulacaqlar, məşq edəcəklər və oyuna hazırdılar. Sıx qrafiklə əlaqədar addım-addım irəliləyəcəyik. Hər oyun fərqli bir hekayədi. İlk matça köklənməliyik. Mənim üçün oyunçuların hazır olması vacibdi. Matç günü hər hansı bir problemin olub-olmadığını görəcəyik və nə olduğunu başa düşəcəyik. Əvvəlkindən daha yaxşı vəziyyətdəyik".
Yunan mütəxəssis Ağdam təmsilçisinin çox ciddi komanda olduğunu bildirib: "Yaxşı təcrübəyə sahibdilər. Onları təhlil etmişik. "Qarabağ" müdafiədə, hücumda balanslı və güclü komandadı. Komanda şəklində oynayırlar. Güclü rəqibdi. Bizi çox çətin oyun gözləyir".
Donis hər matçda xal qazanmağa çalışacaqlarını söyləyib: "Özümüzə inanırıq. Yaxşı oynayırıq, intizamlı olsaq, qrupdan çıxmaq şansımız var. Addım-addım oyunları düşünməliyik. Avropa Liqasına yaxşı başlamalı və evdəki ilk oyunda qələbə qazanmalıyıq. Hədəflərimiz çoxdu".
51 yaşlı çalışdırıcı cəza səbəbindən texniki zonada yer almayacağını xatırladıb: "Köməkçim texniki zonada əyləşəcək. Oyunçulardan xahiş etdiyim odu ki, xırda şeylərdən xəbərdar olsunlar. Düşünürəm ki, peşəkar komanda ilə birlikdə çox yaxşı iş görə bilərlər. Mənim üçün texniki zonada olmamaq çətindi, növbəti dəfə reaksiyalarıma daha diqqət yetirməyə çalışacağam".
"Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.