“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın “Vilyarreal” klubuna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı İstanbulda baş tutan mətbuat konfransından bunları söyləyib:
“Şadam ki, sizlərin önündəyəm. Baxmayaraq ki, Bakıda oynamalı olduğumuz matçı Türkiyədə keçirəcəyik. Hər bir halda mən sevincliyəm. Yaxşı, kifayət qədər təcrübəli bir komanda ilə qarşılaşacağıq. Yaxşı məşqçiləri var. Hər bir halda düzgün oyun qurmaq, maksimum gözəl oyun nümayiş etdirmək istəyirik”.
48 yaşlı mütəxəssis İstanbulda Dağlıq Qarabağdakı hadisələr barədə də danışıb: “Çətin durumdur. Bu gün futbolla siyasət bir-birinə qarışıb. Hər bir Azərbaycan vətəndaşının üzərinə öz vəzifəsi düşür. “Qarabağ” klubu olaraq biz də bunu doğrultmağa çalışırıq. Ürəyimiz sərhəddə əsgərlərin yanında olsa da, yenə də işimizi layiqincə görməyə çalışırıq. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizim üçün böyük üstünlükdür. Amma inanıram ki, tezliklə torpaqlarımız geri qayıdacaq”.
Qurbanov ev oyunlarını ölkə xaricində oynamağın çətinliyini də qeyd edib: ““Makkabi” ilə görüş çətin oldu. Xeyli sayda zədəlilərimiz var. Bir aydan çoxdur ki, futbolçularımızı istədiyimiz performansda saxlaya bilmirik. “Vilyarreal”la görüşdən sonra Bakıya qayıdıb, “Sivasspor”la matç üçün yenidən Türkiyəyə dönməli olacağıq. Altı matçı səfərdə keçirmək çətindir. Hər 3-4 gündən bir matça çıxmaq və performansı qorumaq çətin olacaq. Yorğunluq olacaq. Bu üzdən bəzən gənc futbolçuları da meydana buraxa bilərik. Ola bilər müdafiədə çətinliklərimiz olsun. Əsas heyət üzvü olan iki müdafiəçi zədəlidir. Yenə vaxtımız var ki, “Sivasspor”u analiz edib düzgün taktika seçək”.
Qurbanov eyni qrupda yer aldıqları Türkiyə təmsilçisi “Sivasspor” barədə də fikirlərini açıqlayıb: “Vilyarreal” – “Sivasspor” matçını izlədim. Gözəl oyun oldu. Tamaşaçılar üçün də çox sayda qol vuruldu. Hər komanda öz oyununu analiz edir. “Sivasspor” asan qol buraxan komanda deyil. Qol vurmağı bacaran komandadır”.
Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Vilyarreal” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.