“Əvvəldən müraciət yox idi. Ümumiyyətlə, “Neftçi”də bu cür söz-söhbətlər də yox idi. Komanda baş məşqçisi ilə yola davam edirdi. Mənə qədər olan söhbətlərin çox da içərisində olmamışam. Öz barəmdə onu deyə bilərəm ki, mənimlə danışılmamışdı. Qərar anidən və bu gün oldu”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasında yayımlanmış “Həmsöhbət” verilişində deyib.
Abasov “Neftçi”də çalışmağın onun üçün fəxr olduğunu bildirib: “Klub prezidenti Kamran Quliyevlə aramızdakı söhbət bir neçə saat davam etdi. Müqavilənin şərtləri barədə klubun Mətbuat xidməti məlumat verər. Bu, mənim üçün həqiqətən fəxrdir. Gələcək planlar haqqında növbəti verilişlərdə danışarıq. Amma şükürlər olsun ki, bu cür komandanın baş məşçisi olmaq mənə qismət oldu”.
42 yaşlı məşqçi 2004-cü ildə futbolçu kimi “Neftçi”də çempion olduğunu xatırladıb: “Həmin il ölkə kubokunu da qazandıq və qızıl dubl etdik. İndi bura baş məşqçi kimi gəlirəm. “Neftçi”də futbolçu və ya baş məşqçi olmaq başqa hissdir. Onun tarixinə imza atmaq tamam başqa hissdir. Bu ümidlə və arzu ilə yaşayıram. Necə ki, futbolçu olanda yaşamışam. Mənim yerimə burada kim oturursa-otursun özünün yox, “Neftçi”nin hədəfindən danışmalıdır. “Neftçi”nin hədəfləri həmişə yüksək olub. Mənim də həm arzum, həm də istəyim hədəflərə birlikdə çatmaqdır. Ən yüksək hədəflər üçün buradayıq”.
Abasov qeyd edib ki, çempionatdakı əksər komandalar bir-birilərindən xallar ala bilirlər: “Hazırda “Neftçi”dəki futbolçular mənim bəyəndiklərimdir. Onların keyfiyyəti, potensialı məni qane edir. Əsas onların içinə düşməkdir ki, görək meydanda nələr edə bilirlər. Sabah məşqlərə başlayacağıq. Mənim üçün bir az mənfi olan odur ki, oyunçular azdır. Çoxları milli komandalardadır. Noyabrda buraya baş məşqçi gəlmişəmsə, hər vaxt bizim üçün qızıla bərabərdir”.
Samir Abasov sonda bildirib ki, hər zaman birlikdə işlədiyi köməkçilər yenə onun yanında olacaqlar.