"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Sivasspor"la keçirəcəyi ev oyununa azarkeş buraxılmayacağı dəqiqləşib.
Sportarena.az xəbər verir ki, buna ölkədə koronavirus pandemiyasına görə fanatlarla bağlı qadağa qərarının qüvvədə saxlanılması səbəb olub. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində keçirilən Nazirlər Kabinetinin son iclasındakı çıxışı zamanı bildirib ki, idman yarışları azarkeşsiz keçirilməyə davam edəcək. O həmçinin mini-meydanların fəaliyyətinin də müvəqqəti dayandırılacağını açıqlayıb.
Bir müddət öncə Türkiyə Futbol Federasiyası oyunlarda məhdud sayda azarkeşin iştirakına icazə verilə biləcəyini açıqlamışdı.
Qeyd edək ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. (Report.az)