Bu həftə Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçiriləcək. Milli komandaların qarşılaşmalarından sonra keçiriləcək bu turda “Qəbələ” “Neftçi” ilə üz-üzə gələcək.
Sportarena.az əyalət təmsilçisinin saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı matç iki rəqib arasında 54-cü qarşılaşma olacaq. İndiyədək komandalar 53 dəfə üz-üzə gəlib. “Qəbələ” ilk dəfə 2006/07 mövsümündə qarşılaşdığı rəqib üzərində 17 qələbə qazanıb. “Qırmızı-qaralar” 13 dəfə heç-heçə edib və 23 məğlubiyyət alıb. Bu oyunlarda 66 qol vuran futbolçularımız 74 top buraxıb.
Premyer Liqada 49-cu dəfə üz-üzə gələcək komandalar 48 oyunda qarşılaşıb. “Qəbələ” 16 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib, 22 dəfə uduzub. Bu görüşlərdə 59 qola imza atan komandamız 68 top buraxıb.
“Qəbələ” “Neftçi” ilə 27-ci dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 26 matçda komanda 8 dəfə qalib gəlib, 5 heç-heçə edib və 13 dəfə uduzub. Bu matçlarda 70 qol vurulub. Meydan sahibləri 34, qonaqlar 36 qol vurub.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 10-cu turunun noyabrın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 14:00-da başlayacaq.