"Sevincli, tarixi günlər yaşayırıq. Torpaqlarımızın qayıtması hamımızı sevindirir. Xüsusilə "Qarabağ" klubunu təbrik edirəm. Ev oyununu "İmarət"də keçirmək üçün gözəl fürsət yaranıb".
Sportarena.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
1:1 hesablı heç-heçəni şərh edən çalışdırıcı heyətlə bağlı hər iki komandada problemlərin oludğunu xatırladıb: "Koronavirus çempionatda ən çox bizə təsir edib. Bu gün əsas heyətin 4 futbolçusu meydana çıxa bilmədi. İtkilərə baxmayaraq, bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. İlk hissədə yaxşı qol imkanımız olsa da, istifadə edə bilmədik. İkinci yarıda fərqlənsək də, təzyiqə davam gətirə bilmədik. Buna baxmayaraq, 1 xal qazandıq. Nəzərə alaq ki, son vaxtların ən yaxşı komandası ilə oynadıq. İnanıram ki, yuxarı sıralara yüksələcəyik.
Bəzən rəqib səni müdafiə olunmağa məcbur edir. Necə müdafiə olunacağımızı yaxşı bilirdik. Yəqin razılaşarsınız ki, bu gün ancaq müdafiədə oturmadıq. "Qarabağ"ın üstün cəhətlərini analiz edib futbolçularıma başa salmışdım.
Hacıyev komandasının yeganə qolunu vuran Amil Yunanovun çıxışından razı qaldığını qeyd edib: "O, azsaylı yerli hücumçulardandır. Bu gün oyunundan razı qaldım. Amma daha yaxşı oynaya bilər. Öz üzərində çox çalışır. İnanıram ki, formasını qısa zamanda bərpa edəcək".