Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Rahil Məmmədov koronavirusdan sağalıb.
Sportarena.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin son testi mənfi çıxıb. Hazırda Xorvatiyada olan oyunçu bu gün Türkiyənin İstanbul şəhərinə uçaraq, "Qarabağ" klubunun düşərgəsinə qoşulacaq.
Ağdam təmsilçisinin koronavirusdan sağalan kapitanı Maksim Medvedev isə sabah Bakıya qayıdacaq. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.
Maksim Medvedevin testi UEFA Millətlər Liqasının VI turunda səfərdə Lüksemburqla qarşılaşmadan əvvəl müsbət nəticə verib. Rahil Məmmədovun isə V turda Monteneqro ilə görüşdən əvvəl koronavirusa yoluxduğu aşkarlanıb.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” – "Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. (Report.az)