"Dünən bədənimdə ağrılar daha çox idi. Temperaturum da qalxmışdı. Bu gün isə özümü bir az normal hiss edirəm".
Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt" klubunun koronavirusa yoluxmuş kapitanı Vurğun Hüseynov deyib.
32 yaşlı müdafiəçi komanda yoldaşları kimi öz testinin nəticəsinin də müsbət çıxdığını bildirib: "Hazırda evimdəyəm, həkimlər müalicə yazıb. Ona uyğun müalicə olunuram. Dünən test verdik, bu gün isə cavab müsbət çıxdı".
Hüseynov "Sumqayıt"da kütləvi yoluxmanın səbəbini də dilə gətirib: "Həqiqətən bilmirəm, yəqin komanda daxilində yayılıb ki, hamıda müsbət çıxıb".
Təcrübəli oyunçu XII turun "Zirə" ilə oyununun təxirə salınmasının vacibliyini sözlərinə əlavə edib: "Bu matç təxirə salınmalıdır. Görüşə çıxmağa futbolçu tapılmayacaq. Heyət geniş də deyil. 18 nəfərin yoluxması çox böyük rəqəmdir".
O, Azərbaycan Premyer Liqasının da təxirə salınmasının məqsədəuyğun olduğunu deyib: "Mən də xəstəyəm, evdə təcrid edilmişəm və müalicə alıram. Şəxsi fikrim odur ki, yoluxma bu qədər çoxdursa, çempionatın təxirə salınması daha yaxşı olardı. Amma qərarı müvafiq qurumlar verəcək, yəqin ki, bu məsələlərlə bağlı addım atılacaq".
Qeyd edək ki, "Sumqayıt"ın 18 futbolçusunda koronavirus aşkarlanıb.