"PFL-in təqvimi dəyişməsini düzgün qərar hesab edirəm”.
Sportarena.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında "Səbail”in baş məşqçisi Aftandil Hacıyev koronavirus pandemiyası ilə əlaqədar Peşəkar Futbol Liqasının təqvimdə dəyişiklik etməsinə münasibət bildirərkən deyib.
39 yaşlı mütəxəssis çətin olsa da, oynamağın vacibliyini vurğulayıb: "Qalan oyunların hamısını yanvarda keçirsəydik, çətin olacaqdı. Belədə təqvim daha da sıxlaşacaqdı və kimsə koronavirusa yoluxsa, 6-7 oyun buraxmış olacaqdı. Bu baxımdan düşünürəm ki, bu ay ən azı iki oyun keçirmək olar. Təbii ki, koronavirusdan sağalanlar üçün bərpa bir az çətin olacaq. Adicə məşqdə xəstəlikdən qayıdanların ağ ciyərləri hələ istədikləri kimi işləmir, tənəffüs yolları ağır olur. Ancaq növbəti tura qədər hələ bir həftə vaxt var”.
Hacıyev komandada yaranmış maliyyə probleminə də aydınlıq gətirib. O, iki ayın maaşını almadıqlarını, tezliklə bu problemin də həll olunacağını söyləyib: "Hazırda rəhbərlik bu məsələni yoluna qoymağa çalışır. Ödənişin bu həftə olacağı deyilib. Fikrimcə, burda ciddi problem yoxdur”.
Qeyd edək ki, "Səbail” Premyer Liqanın XII turu çərçivəsində dekabrın 20-də "Keşlə”nin qonağı olacaq.