Mirabdulla Abbasov: "Neftçi"də əvəzolunmaz hücumçu olmaq istəyirəm"

14:00 25 Dekabr 2020

"İstəyimiz qələbə qazanmaq idi. Növbəti 3 xalı əldə etdik və qış fasiləsinə lider olaraq yollandıq. Bunun üçün sevinirik. Soyuq havada oynamağın da çətinliyi var idi. Amma ilk 10 dəqiqədə bir az çətinlik çəkirik".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının XIII turunda "Keşlə"ni evdə 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

 

Qarşılaşmada dubla imza atan 25 yaşlı hücumçu vurduğu qollara görə sevindiyini bildirib: "Uzun müddətdir ki, fərqlənə bilmirdim. Ötən tur "Sabah"ı 2:0 hesabı ilə məğlub etdiyimiz görüşdə qol epizodlarım olmuşdu, amma vura bilməmişdim. Bu oyunda isə tilsimi qırdım".

 

Abbasov komandanın əsas hücumçusu olmaq istədiyini sözlərinə əlavə edib: "Əsas heyətdə daim möhkəmlənmək özümdən asılıdır. Heç kim deyə bilməz ki, ilk "11-lik"də daim qalacağam. Əlimdən gələni edəcəyəm ki, "Neftçi"nin əvəzolunmaz hücumçusu olum".

 

Forvard baş məşqçi Samir Abasovla daha əvvəl də işlədiyini xatırladıb. O bildirib ki, hücumçu kimi yetişməsində hazırkı baş məşqçilərinin rolu böyük olub: "Samir müəllimlə "Sumqayıt" klubunda birlikdə işləmişəm. Onun mənim üzərimdə böyük əməyi olub. "Neftçi" məni bu komandaya icarəyə vermişdi. Bir mövsüm orada qaldım, məni hücumçu kimi Samir Abasov kəşf edib. Daha əvvəl cinah yarımmüdafiəçisi kimi oynayırdım".

 

Abbasovun çempionatdakl əsas rəqiblərinin "Qarabağ" olduğunu xatırladıb: "Rəqibimizin gücü hamıya bəllidir. Amma çempion olmağımız realdır. "Neftçi"sevərlər, azarkeşlər və özümüzün gözlədiyimiz çempionluğu yaşamaq istəyirik".  


Digər xəbərlər

Xəbər xətti