"Sabah"da ilk qollarını vuran futbolçular danışdı

18:02 25 Dekabr 2020

"Sevinirəm ki, dünənki qələbəmizdə mənim də payım oldu. Bizim üçün çox vacib qələbə idi. İli qalibiyyətlə başa vurmaq istəyirdik ki, buna da nail olduq".

 

Sportarena.az xəbər verir ki, fikirləri "Sabah"ın futbolçusu Slavik Alxasov Premyer Liqanın XIII turunda səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri matç barədə klubun rəsmi saytına açıqlamasında deyib.

 

27 yaşlı müdafiəçi Sumqayıtda qazanılan 3 xalın bütün komanda üçün yaxşı motivasiya olduğunu söyləyib: "Bu cür vacib qələbəyə qolla töhfə verməyim, həmçinin "Sabah”da qol hesabımı açmağım mənim üçün ikiqat sevindiricidir”.

 

Paytaxt təmsilçisinin digər üzvü Aleksey İsayev çoxdan qol vurmadığını xatırladıb: "Əlbəttə, qol vurmaq həmişə xoşdur. Ancaq mənim üçün bundan da əsas olan, komandamın qalib gəlməsidir. Şadam ki, "Sabah”da qol hesabımı açdım və komandamın qələbəsinə töhfə verdim”.

 

Qeyd edək ki, Slavik Alxasov "Sumqayıt”la görüşün 26-cı dəqiqəsində hesabı açıb, Aleksey İsayev isə qarşılaşmanın 65-ci dəqiqəsində penaltidən fərqlənərək, oyunda həlledici, qola imza atıb. Hər iki futbolçu "Sabah”a bu ilin yayında qoşulublar və ilk qollarını vurublar.  


Digər xəbərlər

Xəbər xətti