Son 16 ilin rekordu

12:48 28 Dekabr 2020

Azərbaycan Premyer Liqasında qış fasiləsi başlayıb.

 

Sportarena.az xəbər verir ki, 13 turdan sonra başa çatan mövsümün ilk bölümü liderlə autsayder arasında fərqin azlığı ilə diqqət çəkir. 1-ci pillədə qərarlaşan “Neftçi”nin 24, sonuncu olan “Sabah”ın 13 xalı var. İlk və son pillə arasında cəmi 11 xallıq fərq yaranıb. Bu, 8 komandalı çempionatlar üçün mütləq rekorddur. Ardıcıl 5-ci dəfə eyni format və iştirakçı sayı ilə keçirilən yarışda komandalar heç vaxt qış fasiləsinə belə kiçik intervalda qərarlaşmamışdı. 2016/17 mövsümündə fərq 24-ə bərabər olubsa, 2017/18-də liderlə autsayderi uçurum – 30 xal ayırıb. 2018/19 mövsümündə komandalar 23, 2019/20 mövsümündə isə 19 xal aralığında qərarlaşıb.

 

Daha çox komandanın mübarizə apardığı əvvəlki çempionatlara nəzər salsaq, 1-ci yerlə 8-ci pillə arasında fərq adətən daha çox olub. 12 il öncə bu rəqəm indiki kimi 11-ə bərabər idi. 2008/09 mövsümündə qış fasiləsinə 13 turdan sonra lider kimi yollanan “İnter” (indiki “Keşlə”) 8-ci olan “Standard”ı 11 xal qabaqlayıb. Bu iki göstərici son 16 mövsümün rekordudur.

 

Yeni ilə ilk 8 sırada qərarlaşanların daha kiçik fərqlə yollanmasına sonuncu dəfə 2004/05 mövsümündə təsadüf olunub. 16 il öncə qış çempionu “Qarabağ” 40, 8-ci sıradakı “MKT-Araz” 31 xal yığıb. 17 turdan sonra yaranan fasilədə fərq 9-a bərabər olub.(pfl.az) 


Digər xəbərlər

Xəbər xətti