“Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin rəsmi sorğusuna cavab vermədiyi üçün cərimələnib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Neftçi”yə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Bu xəta təhlükəsiz şəhər kamerası ilə qeydə alınıb.
DİN həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı “Neftçi” klubuna rəsmi sorğu göndərib. Lakin klub nazirliyin bu sorğusuna cavab verməyib.
Bundan sonra, Xətai Rayon Polis İdarəsi “Neftçi Peşəkar Futbol Klubu” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə cərimə olunması haqda protokol tərtib edib.
Xətai rayon məhkəməsi protokola baxaraq klubu təqsirli bilib və 300 manat cərimələyib. Futbol klubu bu qərarla razılaşmayaraq, apellyasiya şikayəti verib.