Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova Beynəlxalq Voleybol Federasiyasınn (FIVB) İdman Komissiyasına namizədlərdən biri olmasına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, 31 yaşlı hücumçu bu barədə "worldofvolley"ə açıqlama verib.
Rəhimova FIVB-in layihələrinin bir hissəsi olmağa hazır olduğunu söyləyib: "Voleybol mənim həyatımdır, indi voleybola borcumu qaytarmaq vaxtı gəlib. Uzun illlər müxtəlif ölkələrdə və qitələrdə - Avropa, Asiya, Cənubi Amerikada yüksək səviyyəli voleybol oynadım. Dünya rekordunu qırdım, çox mükafat qazandım, fərqli voleybol mədəniyyətlərini öyrəndim. Həyatımın yarıdan çoxunu voleybolda keçirmişəm. Gələcəyimiz olan uşaqlar vasitəsilə onun bir parçasına çevriləcəyəm. Uşaqlarımız daha yaxşı həyat qurmağımız üçün şansdır və təcrübəmi voleybola ac olan gənc oyunçularla bölüşmək istəyirəm".
Təcrübəli oyunçu Vətən müharibəsindən də danışıb: "Mən dinc dünya istəyirəm. Ölkəm İkinci Qarabağ müharibəsindən yeni çıxıb. Bu müharibədə ailələrini itirən çoxlu sayda uşaq var. Mən onların reabilitasiyasına kömək etmək istəyirəm. Bunu edə biləcəyim ən yaxşı yol voleyboldur. Federasiyamız və mən bu uşaqların sağ qalmasına kömək edəcəyik. Hobbi olaraq həyatımda çox səyahət etdim, amma voleybolu sevən, lakin yaxşı təşkil edə bilməyən ölkələrə voleybol ehtirasını gətirmək üçün bacardığım qədər səyahət etmək istəyirəm".
Qeyd edək ki, 2007-ci ildən Azərbaycan yığmasında çıxış edən Polina Rəhimova 2020-ci ilin əvvəlində millidəki karyerasını başa vurub. O, Vətən müharibəsində Azərbaycan Ordusuna təbliğat dəstəyi verib.