"Neftçi"nin futbolçusu Mert Çelik klubun televiziyasına açıqlama verib.
Sportarena.az xəbər verir ki, türkiyəli müdafiəçi əvvəlcə istirahəti barədə danışıb:
"Baş məşqçimiz bizə proqram vermişdi. Ona uyğun istirahət etdik. Dincəldim, ailəmlə gözəl vaxt keçirdim. Tətil müddətində bacardığım qədər məşq etməyə çalışdım. İnşallah, mövsümün ikinci hissəsində yaxşı çıxış edib, liderliyimizi qoruyacağıq".
Koronavirusdan sağalan 21 yaşlı oyunçu artıq özünü yaxşı hiss etdiyini söyləyib: "Xəstəlik məni çətin duruma saldı. Hardasa 10-11 gün əziyyət çəkdim, zəiflədim. Şükürlər olsun, artıq özümə gəlmişəm. Ailəmi görmək də mənə müsbət təsir etdi".
Gənc futbolçu özünü Azərbaycanda rahat hiss etdiyini, ölkəmizə tez uyğunlaşdığını da əlavə edib: "Bura çox tez uyğunlaşdım. Biz iki dövlət, bir millətik. Bunu ən yaxşı mən hiss edirəm. Hər şey Türkiyədəki kimidir. Ona görə də burada özümü Türkiyədəki kimi hiss edirəm".