Azərbaycan çempionatları tarixinin ən məhsuldar hücumçularından biri, futbol veteranı Samir Ələkbərovun apasport.az saytına müsahibəsi
- Sonuncu dəfə U-21 yığmamızda müvəqqəti baş məşqçi işlədiniz. İşsiz günləriniz deyəsən davam edir...
- Bəli. Kimdir bizə iş verən? Elxan Məmmədov heç uşaq futbolunda işləməyimə imkan vermir. Bir il əvvəl yanında da olmuşam. Bilirsiniz ki, Nazim Süleymanovun yaratdığı təşkilatın üzvüyəm. Ona görə mənə dedi ki, bəyanat ver. Kim o təşkilatın üzvüdür, ona işləmək imkanı vermirlər. Mən də qalmışam belə, bilmirəm nə edim.
- Hələ də Azad Həmkarlar İttifaqının üzvüsünüz? Ümumiyyətlə, o təşkilatın aqibəti necə oldu?
- O qurum həyatda var ki, üzvü də olsun? Soruşmaq istəyirəm ki, hanı o qurum? Bu ittifaqı heç kim qəbul etmək istəmir. Gərək birinci AFFA qəbul eləsin.
- Sizin kimi, çox mütəxəssis işsizlikdən gileylənir və bədbin fikirlər səsləndirir. Bəs çıxış yolu nədir, bununla bağlı hansısa məsləhət vermisiniz?
- AFFA başda olmaqla, hamısı çıxış yolunun nədə olduğunu çox gözəl bilir. Sadəcə, bir hərəkət yoxdur. Deməli, heç kimə futbol lazım deyil. Bu sahəyə oğurlamağa, dağıtmağa gəliblər. Futbol idarəçiləri bu işə hobbi kimi baxırlar. Problem ondadır ki, hətta köklü dəyişikliklər olsa belə, düzəlməyəcək. Hər dəfə deyilir ki, o getsə, başqası gəlsə yaxşı olacaq. Amma heç nə dəyişmir. Futbolu istəyən adamlar olsaydılar, bu neçə ildə ayrılan pulları düzgün yönəldərdilər, hamının da işi olardı. Belə bir deyim var: desəm öldürərlər, deməsəm ölləm. Heç fikirləşirlər ki, kim necə dolanır?
- Çox sərt ittihamlar səsləndirirsiniz. Çəkinmirsiniz?
- Nədən çəkinəcəm? İslanmışın yağışdan nə qorxusu? Bunları demək lazımdır ki, heç olmasa bir balaca qorxsunlar, gecə narahat yatsınlar. Həmişə belə getməyəcək ki. Mən işlədiyim vaxt da sözünü deyən adam olmuşam. Yalandan necə tərifləmək olar? İnsanın vicdanı buna yol vermir. İndi o qədər yalandan tərifləyən mütəxəssis var ki. Görəndə bunu üzlərinə də deyirəm. Onlar bunu artıq qəbul ediblər. Amma elə danışırlar ki, sanki bunlardan təmizi, düzgünü yoxdur.
- Çempionatı, komandaların hazırlığını da izləmirsiniz?
- Mənim üçün komandaların hazırlığı deyil, işsiz qalmağım maraqlıdır. Bütün dünyada çempionatlar davam edir, izləyirik. Bizdə fasilədir. Həm də bizdə çempionat var ki? Eyni sözləri nə qədər demək olar? Səkkiz komandadır, çoxu eyni yerdən maliyyələşir. Klublara nə qədər ki sərbəstlik verilməyəcək, belə də davam edəcək. Kimin çempion olacağı, kimlərin avrokuboklara yollanacağı öncədən bilinir. Oyunların səviyyəsi isə gündən-günə aşağı düşür.