Qurban Qurbanovun oğlu “Zirə”nin tarixinə düşdü

17:00 22 Yanvar 2021

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Qəbələ” ilə ev oyunu “Zirə”nin futbolçusu Musa Qurbanlı üçün əlamətdar olub.
 

Sportarena.az xəbər verir ki, gənc hücumçu debüt oyununda ilk qola imza atıb və klub tarixinin rekordunu yeniləyib.“Qartallar”ın 2:0 hesabı ilə qalib gəldiyi matça start heyətində çıxan forvard klub tarixinə Premyer Liqada şans qazanan 104-cü futbolçu kimi düşüb. Onadək 103 oyunçu buna nail olmuşdu.
 

Musa “Zirə”nin heyətində Premyer Liqadakı debüt matçında qol hesabını açan 5-ci futbolçu olub. Ona qədər Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad və Ağabala Ramazanov ilk oyunda fərqlənib.
 

Qurbanlı 18 yaş 9 ay 10 günlüyündə qol sevinci yaşayıb. O, “Zirə”nin tarixinə ən gənc qol müəllifi kimi düşüb. Gənc hücumçu Adil Nağıyevə məxsus rekordları yeniləyib. Sabiq müdafiəçi həm Premyer Liqada, həm də bütün turnirlərdə klub tarixinin ən gənc qolçusu idi. Adil ümumilikdə 19 yaş 5 ay 12 günlüyündə, Premyer Liqada 20 yaş 1 ay 26 günlüyündə rəqib qapısına yol tapıb. 


Digər xəbərlər

Xəbər xətti