"Təyinat çox qısa vaxtda gerçəkləşdi. "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundovdan təklif gəldi və sevə-sevə qəbul etdim. "Keşlə"də işləmək mənim üçün şərəfdir".
Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin yeni baş məşqçisi Sənan Qurbanov təyinatı ilə bağlı danışarkən deyib.41 yaşlı mütəxəssis paytaxt təmsilçisi yaxşı futbolçulara malik olduğunu bildirib: "Keşlə" potensiallı komandadır. İnanıram ki, məsuliyyətin altından inamla çıxacağam. Qarşıdakı oyunlar hər şeyi göstərəcək. İşimizə tam məsuliyyətlə hazırıq".
Qurbanov rəhbərliklə görüşündə qarşısına müəyyən hədəflər qoyulduğunu sözlərin əlavə edib: "Keşlə" turnir cədvəlində 7-ci sıraya layiq deyil. Zaur Axundov hədəfləri olan insandır. Qələbəyə köklənən və klub üçün hər şeyi edən insandır. Ona nəticə lazımdır. Klub üçün əlimizdən gələni edəcəyik".
"Qəbələ" ilə 2018/2019 mövsümündə Azərbaycan Kubokunun qalibi olan baş məşqçi "Keşlə" ilə də titul qazana biləcəyinə inam ifadə edib: "Hər bir məşqçinin titul qazanması onun üçün xoş haldır. Bunu "Qəbələ"də etdimsə, "Keşlə"də niyə etməyim? Futbolçulara və kluba inamım var. Hamımız səfərbər olub bir nöqtəyə vuraraq uğur qazana bilərik. Belə olacağı təqdirdə titul da olar".
Qeyd edək ki, "Keşlə" Sənan Qurbanovla mövsümün sonunadək müqavilə imzalayıb.