"Polşa klubunun təklifi gülməli idi" - Mahir Emreli

16:58 25 Yanvar 2021

Avropanın daha iki klubu "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə bağlı Ağdam təmsilçisinə təklif göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a 24 yaşlı hücumçunun özü məlumat verib.Azərbaycan millisinin forvardı komandaların adlarını açıqlamasa da, onlardan birinin Avstriyanı, digərinin isə Macarıstanı təmsil etdiyini söyləyib. O, hazırda danışıqların davam etdiyini bildirib: "Danışıqların nə yerdə olduğunu bilmirəm. Mən hər zaman ölkə xaricində oynamaq istəmişəm. Amma, ilk növbədə, yaxşı kluba transfer olmalıyam. Haradan getdiyini nəzərə almaq lazımdır. Məsələn, Polşa liqası yaxşı ola bilər. Amma "Qarabağ" bu günədək həmin ölkənin bütün klublarını udub. Bu da bir reallıqdır. Hər şeyi liqanın səviyyəsi ilə ölçmək düzgün olmaz. Bütün amilləri nəzərə almaq lazımdır".

 

Futbolçu gedəcəyi komandanın onun oyun üslubuna uyğun olmasının vacibliyini vurğulayıb: "Elə komandalar var ki, ucaboy, atletik futbolçuların hesabına uzun ötürmələrlə oynayırlar. Mən "Qarabağ"da hər zaman yerlə oynamışam, top saxlmağa üstünlük vermişəm. Başqa üsluba uyğunlaşmaq bir az çətin olar".

 

Bir müddət öncə Polşanın "Zaqlembe" klubundan da təklif alan Emreli keçidin baş tutmamasının səbəbini açıqlayıb: "Polşa klubunun təklifi gülməli idi, bizi qane etmədiyi üçün qəbul etmədik. "Qarabağ" öz futbolçusunun dəyərini bilən klubdur".

 

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la müqaviləsi cari mövsümün sonunda başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti