"Futbolumuzda haqsızlıq baş alıb gedir" - Mehman Allahverdiyev

19:09 27 Yanvar 2021

“Kəpəz” klubunun keçmiş futbolçusu və baş məşqçisi olmuş Mehman Allahverdiyev Sportal.az-a açıqlama verib. 61 yaşlı mütəxəssis Azərbaycan futbolunun indiki vəziyyətindən danışıb:

 

"Futbolumuzun vəziyyəti məni necə qane edə bilər ki? İşləmirik, qalmışıq kənarda. Səs çıxaranda da eyni şey olur, çıxarmayanda da. Danışmağın xeyri nədir ki? O qədər söz deyənlər var ki qalıblar qıraqda. Nə iş verirlər, nə də məsləhətləşirlər.

 

İndi futbol adamları hamısı Bakıdadır. Mən isə Gəncədə oluram. Gərək bir yerdə olaq ki, veteranların birliyi də olsun. Hərə bir yerdədir. Elə veteranların da çoxu deyir ki, bölgələrdə futbol yoxdur, çempioantda  komandaların sayı azdır. Birinci divizionda peşəkarlıq yoxdur, 1-ci yeri tutan komanda da Premyer Liqaya yüksəlmir. Bu da futbolu maraqsız edir. Digər yandan aşağı dəstədə əksəriyyəti əvəzedici komandalardır. Bu barədə mütəxəssislər hər dəfə danışıblar. Kimdir bizə qulaq asan. Federasiya yenə öz bildiyini edir. Necə deyərlər köhnə hamam, köhnə tasdır. Natiq Muxtarlı, Tahir Süleymanov və digər yazarlar kifayət qədər bu barədə məqalələr dərc ediblər. Asəf Namazov, Nazim Süleymanov və çox futbol adamı vəziyyətin acınacaqlı olduğunu deyib. Ancaq bir dəyişiklik yoxdur.

 

Mən etdiyimi qərb zonasında kimsə edib? O zaman Azərbaycanda ən titullu mən idim, ən yaxşı nəticələr də “Kəpəz”ə məxsus idi. Ancaq nə olsun? Bu gün heç maraqlanan da yoxdur. İndi klublar və federasiyada çalışanlar futboldan uzaq olan adamlardır. “Sabah” divizionda yarışan “Kəpəz”ə kubokda uduzdu. Görün, ispan məşqçiyə nəsə söz deyən var? Bizim məşqçi uduzsaydı, hamı "baltalayacaqdı".

 

Nazim Süleymanov “Sumqayıt”da 1-2 oyun uduzan kimi baş məşqçi postundan göndərildi. Tərlan Əhmədovla Novruz Əzimov “Neftçi”ni çətin vəziyyətdə götürüb, 3-cü yerə çıxartdı. Nəticədə nə baş verdi? Mövsüm başa çatan kimi hər iki məşqçi klubdan getdi. Qoymadılar ki, Tərlan Əhmədov komandanı avrokuboklara hazırlasın. Haqsızlıq baş alıb gedir. Elə bil futbolu fikirləşən yoxdur.

 

Hər yerdə insanlar məndən soruşur ki, bu işlərin axırı, Gəncə futbolunun taleyi nə olacaq? Mən də deyirəm ki gedin işləyənlərdən soruşun. Onlar klubun gələcəyinin necə olacağını daha yaxşı bilərlər. Müharibədəki parlaq qələbəmizdən sonra düşünürdüm ki, futbolumuzda müsbət addımlar olacaq. Əfsuslar olsun ki, bu, hiss olunmur. Belə görürəm ki daha da pisə doğru gedir. Bu gedşlə futbolumuz uçurumdadır. Allah axırını xeyirli eləsin". 


Digər xəbərlər

Xəbər xətti