"Komanda tarixinin ən yaxşı nəticələrini qazanır" - Millimizin üzvü

12:10 28 Yanvar 2021

İspaniyanın “Levante” klubunda çıxış edən Azərbaycan yığmasının futzalçısı Kardoso Everto (Qalo) federasiyanın rəsmi saytına müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir...

 

- İspaniya çempionatında vəziyyət necədir? Mövcud pandemiya dünyanın ən maraqlı liqarından birinə necə təsir edib?

- Təbii ki, COVİD-19-la bağlı orda da problemlər oldu. Dünyanı ağuşuna alan bu pandemiya nəticəsində bir müddət çempionat dayandırıldı, idman zalları bağlandı. Həmin vaxtlarda videoməşqlər edirdik. Baş məşqçi konkret saat təyin etmişdi, biz də həmin vaxtda kompyuter vasitəsilə məşqə qoşulur, verilən tapşırıqları evdə edirdik. Əlbəttə, çətin idi. Ondan sonra zallar açıldı və uyğunlaşmaq asan olmadı. Hazırda gün ərzində bir dəfə zalda məşq etməyə icazə verilir. Çempionat isə davam edir. Hər oyundan əvvəl COVİD-19-la bağlı test götürülür. Maskadan istifadə edirik. Qarşılaşmalar azarkeşlər üçün qapalıdır. Digər şəhərlərə uçuşlarla bağlı problem yoxdur.

 

- “Levante” ikinci pillədə yer alıb. Pandemiya komandanızın işinə yarayıb, demək olarmı?

- Yaxşı hazırlaşmışıq və komanda tarixinin ən yaxşı nəticələrini qazanır. Ardıcıl 7 qələbə qazanmışıq və turnir cədvəlində ikinci pillədə qərarlaşmışıq. Fikrimcə, İspaniya çempionatı dünyanın ən güclü yarışıdır. Biz də güclü komanda olduğumuzu nəticələrimizlə sübut edirik.

 

- Bəs bu pillədə sona qədər qərar tuta biləcəksinizmi?

- Demək olar, bütün oyunlarda meydana çıxıram. Yaxşı şansımız, əla kollektivimiz var. Qeyd etdiyim kimi, hazırlığımız da yüksək səviyyədə oldu. İstəyimiz yarımfinala və finala vəsiqə qazanmaqdır. Allahın köməkliyi ilə bu imkanı əldən verməyəcəyik.

 

- Artıq 3 gündür Bakıdasan və bu dəfə Joze Alesionun rəhbərliyi altında hazırlıq keçirsən. Millinin Slovakiya ilə oyuna hazırlığı haqda nə deyə bilərsən?

- Məncə, hazırıq. Başa düşürəm, Alesionun istədiklərini tam reallaşdırmaq üçün etdiyimiz məşqlərin sayı azdır. Ancaq baş məşqçini yaxşı tanıyırıq, əvvəlki illərdə də onun rəhbərliyi altında məşqlərdə olmuşuq, oyunlarda iştirak etmişik. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq ki, nəticə də istədiyimiz kimi olsun.

 

- Sən, Rafael Vilela İspaniya çempionatında mütəmadi oynayırsınız. Amma “Araz”ın üzvləri AEK-lə görüş istina olmaqla son 11 ayda oyun keçirməyib. Bu hiss olunurmu?

- Futzalçı üçün oyun keçirmək mütləq şərtdi. Bir rəsmi qarşılaşma 5-6 məşqdən üstündür. Əlbəttə, oyun keçirməmələri yaxşı hal deyil. Bu tək onların başına gəlməyib, mövcud vəziyyətlə əlaqəlidir. Ancaq hər bir oyunçunun komandaya kömək edəcəyinə əminəm.

 

- Son 3 ildə Slovakiyaya qarşı 2 oyunda iştirak etmisən və son dueldə heç-heçə qeydə alınıb. Onları Bakı İdman Sarayında növbəti dəfə məğlub etmək mümkün olacaqmı?

- Yaxşı rəqibdir, hətta onların yoldaşlıq oyunu keçirmək imkanı oldu. Amma doğma meydanda oynayırıqsa, kimliyindən asılı olmayaraq qələbə qazanmalıyıq. Başqa nəticə bizi qane etməyəcək. Həm də yaxşı nəticə ilə start verməliyik ki, ardı da uğurlu olsun.

 

- Millinin yer aldığı qrupla bağlı düşüncələrin necədir?

- Bizim bir məqsədimiz var: yarışı birinci pillədə başa vurmaq. Rəqiblərimizə hörmət edirik, amma qarşıya qoyulan hədəfi də reallaşdırmalıyıq. 


Digər xəbərlər

Xəbər xətti