"Çətin qrafikə girdiyimizi bilirdik. Bu, futbolçular üçün ağırdır. Paltardəyişmə otağına nəzər yetirdim, iki-üç nəfərdə yüngül zədə olub. Erkən qollar ümidlərimizi alt-üst etdi. Fasilədən sonra oyunu dəyişə bilərdik. Rəqibin ustalıq səviyyəsi üstündür".
Sportarena.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış "Qarabağ"la oyundan sonra mətbuat konfransına deyib.
O, 0:4 hesablı məğlubiyyəti nelə şərh edib: "Belə məğlubiyyəti gözləmirdim. Müdafiədə istədiyimiz rəqabəti görə bilmirik. Hələ ki, iki müdafiəçi ilə davam edirik. 3-4-cü qollar fərdi səhvlərdən vuruldu. Böyükhesablı məğlubiyyətə səbəb sonuncu dəqiqələrdə buraxdığımız qollardır. Rəqibi təbrik edirəm. 4 gün sonra kubok matçı olacaq. Çalışacağıq ki, oyunçuları növbəti oyuna hazırlaşdıraq".
40 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı günlərdə yeni transfer gözlənilir: "Artıq makedoniyalı oyunçu ilə danışıqlar yekunlaşmaq üzrədir. "Sumqayıt"la oyuna kimi heyətə bir oyunçu qatılacaq. Müdafiə mövqeyinə isə axtarışlar davam edir. Tapmasaq, bu heyətlə davam edəcəyik. Bizi sevindirən odur ki, Ədilxan Qarəhmədov yaxşı oynadı. Nəinki o, digər gənclər də yaxşı təsir bağışladı".