Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında "Qəbələ"ni evdə 3:1 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, baş məşqçi əvvəlcə qələbəni şərh edib: “Həm rahat, həm çətin oyun idi. “Qəbələ”yə həmişə ciddi yanaşmışıq. Bütün oyunlarda çox aqressiv, aktiv, hücum futbolu oynayırlar. Belədə ilk hissədə çətinlik oldu. Ümumən, komanda qalib gəlmək üçün hər şeyi etdi. İstər-istəməz səhvlər olur, bu, qaçılmazdı. Düşünürəm ki, komanda oyundan oyuna daha fəal olacaq, səliqəli oynayacaq. Buraxdığımız bir qol inanıram ki, faydamıza olacaq, komanda daha məsuliyyətli yanaşacaq”.
Qurban Qurbanov birdən-birə komandadan ayrılan haitili futbolçu Donald Geryə barədə də danışıb: “O, çox ağıllı insandı. Geryeni çox yaxşı tanıyıram, bizi aldada bilməz. Bizim razılığımız olmasa, bu addımı ata bilməzdi. Klub olaraq futbolçulara qarşı yaxşı münasibətimizi göstərdik. Onsuz da, yaxın günlərdə oynamağı sual altında idi. Özünün xəbəri yox idi, təklif daha çox bizə gəlmişdi. Baxmayaraq ki, cərimələmişdik, rəhbərliklə danışıb getməsinə razılaşdıq, karyerasını davam etdirməsinə şərait yaratdıq.
49 yaşlı mütəxəssis klubun sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı məsələyə toxunaraq hər hansı quruma müraciət etməyin faydası olmayacağını bildirib.