Sənan Qurbanov: "Sabah" üzərində qələbə "Kəpəz"ə motivasiya vermişdi"

17:21 7 Fevral 2021

"Kəpəz" hər iki oyunda bizə çətin anlar yaşatdı. "Sabah" üzərində qələbə onlara motivasiya vermişdi".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis ilk yarıda istədikləri oyunu göstərə bilmədiklərini söyləyib:

 

"Rəqib oynamağa imkan vermirdi. Qarşımızda istəkli və aqressiv komanda var idi. Qələbə qazanıb mərhələni keçmək bizə çox lazım idi. Komanda olaraq pozitivliyə ehtiyacımız var. Futbolçularımı təbrik edirəm".

 

Qurbanov bildirib ki, mövsümü titulla başa vurmaq xoş olardı:"Tarixdə qazanılan titullar qalır. Bunun üçün mübarizə aparacağıq. Amma çempionatda durumumuz elə də yaxşı deyil. Qarşımıza qoyulan məqsəd komandanı hazırkı durumdan çıxarmaqdır. Hər oyuna qələbə üçün çıxmaq lazımdır. Nikbinliyi qoruyub-saxlaya bilsək, klub daha da inkişaf edə bilər".

 

Baş məşqçi vinger olan Sadio Tounkaranı yarımmüdafiənin mərkəzində oynatmasına da aydınlıq gətirib:

 

"Sadionu hər zaman cinahlarda görmüşük. Amma başqa keyfiyyətləri də var. Aqressiv futbolçudur. Meydanda böyük işlər görə bilər. Orta xətdə bir az sıxıntımız var. Ona görə də Tounkaranı bu mövqedə yoxladıq. Yaxşı təsir bağışladı".

 

Qeyd edək ki, "Keşlə" yarımfinalda "Zirə" - "Neftçi" cütünün qalibi ilə qarşılaşacaq.(Report)


Digər xəbərlər

Xəbər xətti