Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyanın “Borussiya” (Münhenqladbax) və İngiltərənin “Mançester Siti” klubları arasında keçiriləcək ilk oyunun yeri dəyişdirilib.
Sportarena.az xəbər verir ki, qarşılaşmanın Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcəyi açıqlanıb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.Qitə futbol qurumunun belə qərar verməsinin səbəbi koronavirus pandemiyasının yaratdığı problemlərdir. Məsələ burasındadır ki, pandemiya ilə əlaqədar Almaniya və İngiltərə arasındakı beynəlxalq uçuşlar dayandırılıb.
Qeyd edək ki, “Borussiya” – “Mançester Siti” matçı fevralın 24-də baş tutacaq.
Xatırladaq ki, UEFA daha öncə ÇL-in 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Liverpul” və Almaniyanın “Leypsiq” klubları arasında keçirilməli olan qarşılaşmanın da Budapeştdə keçirilməsinə qərar vermişdi. Həmin oyun da fevralın 16-da “Puşkaş Arena”da baş tutacaq.