"Vəziyyətimiz çətindir, heç kim də komanda saxlamaq istəmir" - MÜSAHİBƏ

10:10 16 Fevral 2021

Azərbaycan Qərb Regional Futbol Federasiyasının prezidenti, “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- “Turan Tovuz” klubunun nəzdində futbol akademiyası açıldı. Bununla bağlı təəssüratlarınızı bilmək istərdik.

- Tək Tovuzda yox, Ağstafada, Qazaxda, Şəmkirdə, yəni regionda həmişə istedadlı uşaqlar olub. Onlar həmişə Bakıya, başqa komandalara üz tutublar. O da şəraitzilikdən irəli gəlirdi. Həm də müəyyən yaş həddindən sonra futbolçunun oynayacağı komanda bizdə yoxdur. Məsələn U-16 komandası. Ona görə də bizdə yetişən uşaqlar başqa komandalara getməli olurlar. Bizdə həmişə milliyə namizəd futbolçular olub. Düzdür, hələ akademiyamız tam fəaliyyətə başlamayıb. Amma ümid edirəm ki, bundan sonra qeyd etdiyim problemlər azalacaq.

 

- Adil Şükürovun akademiyaya rəhbər təyin edilməsi ilə bağlı məlumatlar yayılıb.

- Adil Şükürovla bizim danışığımız olub. Tək onunla yox, bir neçə mütəxəssislə danışmışıq. Amma biz Adil Şükürovla nə müqavilə bağlamışıq, nə də razılığa gəlmişik.

 

- Razılıq əldə olunmadı?

- Bir neçə yerli mütəxəssislə danışmışıq. Onlara şərtlərimizi, tələblərimizi demişik. Onlar da istəklərini bildiriblər. Amma hələ heç kimlə bağlı qərar verilməyib.

 

- Digər namizədlərin adını çəkə bilərsiniz?

- Adil Şükürovun adı mətbuatda yazıldığına görə mən də onun adını çəkdim. Digərlərinin adlarını çəkmək istəmirəm. Bizim üçün problem deyil, ancaq onların üzləri üçün xoş olmaya bilər.

 

- Akademiyaya yerli əhali tərəfindən maraq necədir?

-  Akademiya hələ tam açılmasa da, indidən bizə müraciətlər var. Valideynlər, məşqçilər artıq bizə müraciət ediblər. Maraq həddindən artıq çoxdur. Tək Tovuzda yox, bölgədə maraq var. Hazırda milli komandalar təlim-məşq toplanışındadır. Toplanış başa çatandan və akademiyaya rəhbər  təyin edildikdən sonra hazırlıq planını verəcək. Ondan sonra biz biləcəyik ki, akademiyaya nə qədər uşaq cəlb olunmalıdır. Müəyyən vaxt gözləməliyik.

 

- Tam olaraq akademiyanın işləri nə vaxt başlayacaq?

- Bizdə artıq yerli və yaxın rayonlardan olan uşaqlar məşqlərə gəlirlər. Yevlaxdan və Mingəçevirdən də müraciətlər çoxdur. Artıq maraqlanmışıq, oradan götürmək istədiyimiz uşaqlar xeyli saydadır. Mart ayından işə başlamaq istəyirik.

 

- Akademiyanın özəlliyi, prinsipi nədən ibarət olacaq?

- Bizim koordinatorumuz sırf Tovuzda yaşamalıdır. Namizədlərlə danışığımız da belə olub. Yəni daima orada olmalıdır ki, uşaqlara nəzarət etsin. Digər akademiyalarda necə olduğunu bilmirəm, biz uşaqların təhsilinə də ciddi önəm vermək istəyirik. Onların vaxtında məktəbə getməsi, təhsildən yayınmamasına çalışacağıq. Akademiyada hər cür şərait var. Trenajor zalı, yataqxana, üstübağlı və açıq meydançalar. Əlavə olaraq 4 dənə meydança salınıb.

 

- Meydançaların ot örtüyü təbiidir, yoxsa süni?

- Süni meydançalardır. Düzdür, belə meydançalar nəinki uşaqlarda, böyüklərdə də problemlər yaradır. Ancaq təəssüf ki, bu gün olan budur. Ərazidə təbii meydança salmaq üçün yer var. Amma hazırda bütün meydançalar sünidir.

 

- Tovuzda futbol akademiyasının açılması “Turan Tovuz”un Premyer Liqaya çıxması üçün hazırlıq ola bilər?

- Bunu deyə bilmərəm. Amma onu deyim ki, əvvəllər bizdə belə şərait yox idi. Düzdür, hamımız deyirdik ki, komanda Premyer Liqaya çıxsın, amma lazım olan şəraitimiz yox idi. Yəni maliyyədən əlavə infrastruktur da yox idi. Qonaq komandaya paltardəyişmə otağı verə bilmirdik. Bu gün isə lisenziyalaşmanın bütün tələblərinə cavab verə bilirik. Bircə qalır maliyyə meyarı. O da həmişə problemdir.

 

- Sponsorluq etmək istəyən yoxdur?

- Bir neçə nəfərlə danışmışıq. Ancaq nəticəsi olmayıb. Bizim istəyimiz o olub ki, kimsə komandaya sahib çıxsın, maliyyə ayırsın. Düzdür, müəyyən köməklik etmək istəyənlər olub. Amma nəticə olaraq komandaya yaxın duran olmayıb.

 

- Yəni Premyer Liqa səviyyəsində maliyyə ayıran yoxdur?

- İnanın ki, heç divizion səviyyəsində də olmayıb. Düzdür, müəyyən insanlar az da olsa, kömək edib. Ancaq komandanı saxlamaq üçün heç kim yaxın durmayıb. Bildirmişik ki, vəziyyət çətindir, komandanı saxlamaq lazımdır. Yenə də heç kim öhdəsinə götürməyib. Bu şəraitin yaradılmasından sonra bəlkə kimsə nəsə edər, onu da bilmirəm.

 

- AFFA-nın ayırdığı vəsaitlə xərcləri necə qarşılayırsınız?

- Çalışırıq ki, tələbatları ödəyək. Çətin olsa da, ayrılan büdcədən kənara çıxmırıq. AFFA maliyyə ayırmasa nə edəcəyik ki? Bizdə yaş qrupları, kifayət qədər işçilər var. Digər divizion klublarında bu qədər işçi yoxdur. 10 yaş qrupumuz var. Stadionun kommunal xərcləri də az vəsait etmir. Hamısını çətinliklə də olsa, AFFA-nın ayırdığı o vəsaitlə ödəyirik.

 

- “Turan Tovuz” hazırda birinci divizionun lideridir. Futbolçularda Premyer Liqada oynamaq istəyi hiss olunur...

- Bəli, uşaqlar çox istəklidirlər. Bu gün birinci divizionda əmək haqqı da çox aşağıdır. Bizim o büdcəmiz yoxdur ki, uşaqların maaşını qaldıraq. Futbolçular əlindən gələni edir ki, nəticə versin. Açığı, uşaqlar ümidlidirlər ki, divizionda yer tutub, Premyer Liqaya yüksələcəklər. Yəni onların da fikri odur ki, Premyer Liqada oynasınlar. Birinci divizionda bütün komandalar eyni səviyyədədir. Futbolçuların məqsədi yüksək liqada oynamaqdır.

 

- Maraqlıdır ki, “Turan Tovuz”da futbolçular nə qədər maaş alır?

- Az alan da var, çox da. Orta əmək haqqı 500 manatdır. Futbolçuların da məqsədi var. Onlar da nəyəsə görə oynayır. istəkləri var ki, Premyer Liqada oynasınlar. “Turan Tovuz” çempion olan il bir neçə futbolçumuz Premyer Liqada oynadı. Yəni yer tutmaqla futbolçular özlərini göstərə və elitada oynaya bilərlər.

 

- Yeni mövsümdən  “Kəpəz” və “Turan Tovuz”un Premyer Liqada iştirak edəcəyi ilə bağlı söz-söhbətlər gəzir. Sizə bununla bağlı nəsə deyilib?

- Biz bunun həqiqət olmasını istəyərdik. Ancaq bizə bununla bağlı nəsə deyən olmayıb. Heç kim deməyib ki, gedin, hazırlaşın. Bizim azarkeşlərimiz də sual verirlər ki, Premyer Liqada nə vaxt oynayacağıq? Bildiimiz bir şey yoxdur. Bilsək, hazırlıq görərdik. “Turan Tovuz”la “Kəpəz”in adı ona görə hallanır ki, bu bölgədən daha çox futbolçu çıxıb. Milli komandaya bu zonadan daha çox futbolçu hazırlanıb.

Premyer Liqamızda 10 komandanın olması futbolumuzun  inkişafı üçün yaxşıdır və lazımdır. Bu gün 8 komandalı çempionatımız var. Bəlkə də, eyni komandalar artıq bir-biri ilə qarşılaşmaqdan beziblər. Həqiqətən belədir. Futbolçuların özlərinin dediyi sözlərdir bunlar. Ancaq bölgə komandaları olsa, həm çempionata əlavə rəng qatarlar, həm də rayonlarda daha çox azarkeş olur. Komanda sayının çox olması futbolçu sayının çox olması deməkdir. Bu gün Tovuzun yetişdirdiyi nə qədər futbolçu var ki, bütün klublata səpələnib. İndi onlar özləri bizə müraciət edirlər, qayıtmaq istəyirlər.

 

- “Turan Tovuz”un futbolçuları yerli oyunçulardır, yoxsa digər bölgələrdən də var?

- Tovuzdan da var, ətraf rayonlardan da. Legionerimiz yoxdur. Bizdə maddi duruma görə uşaqları 16 yaşınadək “Turan Tovuz”da saxlaya bilmişik. Sonra bu futbolçular U-17 və U-19-da oynamalıdırlar ki, birinci divizionda çıxış edə bilsinlər. Lazım olan vəsait olmadığına görə məcbur oluruq ki, uşaqları digər klublara verək.

 

- Bu gün milli komandalarımızda konkret olaraq müdafiəçi və hücumçu problemləri var. Tovuzda akademiyanın yaranması bu problemləri aradan qaldıracaq?

- Bu gün əslində hər mövqedə çatışmazlıqlar var. Premyer Liqanı izləyirəm, hücumçu sarıdan çox çətinliklər görürük. Məşqçi hücumçu tapa bilmir. Bir neçə il bundan qabaq hər komandada bir neçə yerli hücumçu var idi. Məşqçi çətinlik çəkirdi ki, kimi oynatsın. Amma bu gün məşqçilərin seçimi yoxdur. Bəlli bir heyət var. Təbii ki, futbolçular klublarda akademiyalarda yetişməlidir. Bizim də məqsədimiz milli komandalarımız üçün futbolçu hazırlamaqdır (qol.az). 


Digər xəbərlər

Xəbər xətti