Mahir Emreli "Qarabağ”dan ayrılır. Bu dəfə qərar qətidi, menecer oyunu, yalançı reklam deyil. Hücumçu Ağdam klubunu ölkə xaricinə dəyişməyin vaxtının keçməkdə olduğunu anlayıb.
Mahirin hansı ölkəyə, hansı kluba gedəcəyi bəlli deyil. Bugünədək xeyli komandadan rəsmi dəvət alan, bir çoxlarının sadəcə, maraqlandığı Emrelinin müştəriləri arasında "Sevilya”dan (ispanlar onu ilk öncə ikinci komandasında sınamaq istəyirdi – red.) Polşa təmsilçilərinə kimi xeyli klub olub. Və nəhayət, o, "Qarabağ”la vidalaşmağa qərar verib.
Ölkə çempionu Mahirin yayda bitəcək müqaviləsini yeniləmək niyyətində idi. Bu səbəblə futbolçuya əvvəlkindən daha artıq maaş təklif olunub. Amma Emreli yeni anlaşmanı imzalamaqdan boyun qaçırıb, klub rəhbərliyinə legioner olmaq istədiyini bildirib. "Qarabağ” da 2015-ci ildən xidmətindən yararlandığı 23 yaşlı futbolçunun qərarına hörmətlə yanaşıb.
Mahirin hara gedəcəyi bəlli deyil. Yayda azad agentə çevriləcəyi üçün "Qarabağ” hücumçunun transferindən pul qazanmayacaq. Məhz sərbəst olması üzündən Emreli gedəcəyi ölkədə daha yüksək maaş tələb etmək şansı qazanacaq. Avropa Liqasında, Çempionlar Liqasında əldə etdiyi təcrübə, milli üzvü olması, bombardir adını qazanması kimi amillər də onun qiymətini qaldıracaq. (Futbolinfo.az)