Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yarışa 15 idmançı ilə qatılıb. Onlardan bu gün mübarizəyə yeddisi qatılıb.
Kişilər
60 kq
1/16 finalda almaniyalı Mortis Plafkla qarşılaşan Davud Məmmədsoy tatamidən qələbə ilə ayrılıb. O, növbəti görüşdə hindistanlı Vijay Yadavı məğlub edib. Davud yarımfinala vəsiqə uğrunda görüşdə Qusman Kırqızbayevə də qalib gəlib. Bu mərhələdə rusiyalı Ramazan Abdullayevdən də güclü olan idmançımız finala yüksəlib. O, qızıl medal uğrunda gürcüstanlı Temur Nozadzeni məğlub edib.
Bu çəkidəki digər idmançımız Kəramət Hüseynov isə Eşli Makkenzi (Böyük Britaniya) ilə qarşılaşıb və rəqib "ippon"la təmiz qələbə qazanıb.
66 kq
Nicat Şıxəlizadə 1/8 final mərhələsində Petr Jukovla (Rumıniya) qarşılaşıb və təmiz qələbə qazanıb. O, növbəti cəhddə qırğızıstanlı Te Arturu 36 saniyəyə məğlub edib. İdmançımız yarımfinala vəsiqə uğrunda görüşdə italiyalı Mattia Miçelə uduzub. Bununla belə, Nicat təsəlliverici görüşə qatılıb, medal qazanmaq şansını saxlayırdı. Təəssüf ki, cüdoçumuz özbəkistanlı Mikruddin Tilovova yenilib.
Nicatla eyni çəkidə yarışan Orxan Səfərov isə ilk görüşündə uduzub. O, İsrail cüdoçusu Amit Boboviçin ippon fəndi qarşısında aciz qalıb.
Qadınlar
48 kq
1/16 final: Leyla Əliyeva ilk cəhdindəcə uğursuzluğa düçar olub. Yerli idmançı Şira Rişoni həmyerlimiz üzərində təmiz qələbəyə sevinib.
Aişə Qurbanlı isə ilk qarşılaşmasında Tamar Malkanı (İsrail) 1,25 dəqiqəyə ippona salsa da, növbəti cəhddə fransız Sirin Boukliyə uduzub.
52 kq
1/16 final. Gültac Məmmədəliyeva turnirə qələbə ilə başlayıb. O, braziliyalı Eleudis Valentim ilə mübarizədə öncə vazari xalı qazanıb, ardından isə rəqibini "ippon"a salıb. Gültac 1/4 finala yüksəlmək üçün fransız Astrido Gnetoya qalib gəlməli idi. Amma həmyerlimiz cəmi 29 saniyəyə ippona düşüb.