Dünən Azərbaycan futbol tarixinin önəmli simalarından olan Nazim Süleymanovun 56 yaşı tamam oldu. Sabiq hücumçu karyerası ərzində Azərbaycanda “Neftçi”, Rusiyada “Spartak”, “Alaniya” və “Jemçujina” klublarında çıxış edib. Uğurlu legioner həyatı yaşayan Süleymanov vurduğu qollarla Rusiya futbolunda da özünə yer etməyi bacarıb.
Süleymanovla əlaqə saxlayaraq, onun ad gününü təbrik etdik və müxtəlif mövzularda söhbətləşdik.
- Azərbaycan futbolunun əfsanələrindən olan Nazim Süleymanov həm futbolçu, həm də məşqçi kimi layiq olduğu dəyəri görürmü?
- Hazırda işsiz olmağıma təəssüflənmirəm. Çünki mən futbolçu olanda da nələrsə baş verirdi. Lakin mən futbol oynamaq istəyirdim. İndi də məşqçi kimi çalışmaq istəyirəm, başqa nəsə istəmirəm ki? Bir neçə insanın təsirindən işləmirik də… Təəssüflər olsun, təəssüflər.
- Azərbaycanda yolunuzu bağlayırlarsa, bəs nə etməyi düşünürsüz?
- 2004-cü ildə gəldim Azərbaycana və yeni yaranan “Xəzər Lənkəran” klubunda çalışmağa başladım. Komandamızla çempionata rəng qatdıq, futbolumuzun səviyyəsi daha da gücləndi. Düşündüm ki, burda çalışar, reytinq yığar, sonra ölkə xaricinə gedərəm. Amma təəssüflər olsun ki, alınmadı.
- “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da hazırda həbsdədir…
- İndi mən bu məsələlərin dərinliklərini bilmirəm. Mən məşqçi kimi ən çox keçmiş AZAL klubunda çalışmışam, o da il yarım. Başqa harda işləməyə qoyublar ki?
- Azərbaycan futbolunun canlı əfsanələrindən hesab olunursuz. Layiqli dəyəri görməmək pisinizə gəlmirmi?
- Gəlin, biz mənfi şeyləri qırağa qoyaq. Ad günümdür və danışırıqsa, müsbət şeylərdən danışaq. Bunlar başqa mövzudur, yazmaq, demək lazımdır, ancaq indi qoyaq qırağa və müsbət şeylərdən söhbətləşək.
- Yaxşı, Nazim bəy. Karyeranızın bir bölümü Rusiya ilə bağlıdır. Ordan sizi təbrik edənlər oldumu?
- Bəli, çox oldu. Moskvadan, Vladiqafqazdan, Soçidən, Belarusdan, Özbəkistandan və başqa yerlərdən təbriklər gəldi. Mən kimi ki təbrik etmişəm, onlar da məni təbrik etdi. Biz bir-birimizi təbrik ediriksə, bu artıq adi bir şeydir.
- Keçmiş dostlarınız üçün darıxırsızmı?
- Martda artıq bir il tamam olur ki, koronavirus pandemiyasıdır. Hər kəs öz evində oturur ki, xəstələnməsin, başqasını xəstləndirməsin. Bu səbəbdən harasa getmək olmur. Darıxmaq deyəndə, o yaş deyil axı darıxasan.
- Nazim bəy, hər kəsin uşaqlıqda xəyalları, arzuları olur. Sizin arzunuz nə olub və istəyinizə çatmısızmı?
- Uşaqlıqdan ancaq küçədə futbol oynayırdıq və böyük futbolçu olmaq istəyirdik. Şükürlər olsun ki, nə dərəcədə lazım idisə, o qədər də oldu. Həyat elə gətirdi ki, respublikamızın ən birinci komandası “Neftçi”də oynadım, getdim Rusiyaya, orda oynadım. 1991-ci ildə SSRİ çempionatında çıxış etdim. SSRİ çempionatı dağılandan sonra Rusiya çempionatında oynadım. Hər zaman çalışdım ki, bir peşəkar olaraq Azərbaycanı layiqincə təmsil edim və özümü futbolçu kimi də təsdiq edim. Yəqin ki, pis alınmadı.
- Bu parlaq karyeranızda hansısa qərarınıza görə peşmançılıq hissi duymusunuz?
- Məsələn, 1990-cı ildə birinci dövrə bitəndən sonra “Spartak”a (Moskva) keçmək istədim. Təəssüflər olsun ki, yenə də bir neçə azərbaycanlı qoymadı “Spartak”a keçim. O vaxt bu komanda Çempionlar Liqasında oynayırdı. Demirəm ki, əsas heyətə düşərdim, lakin qoymadılar cəhd edim. Həmin vaxt “Spartak” Çempionlar Liqasında “Napoli” ilə qarşılaşacaqdı. İtalyanların heyətində Dieqo Maradona da var idi. Mən bir azərbaycanlı kimi bu oyunda iştirak edə bilərdim. Təəssüflər olsun, sağ olsun bizim bəzi insanlarımız, bəziləri…
- Maradonanın adını qeyd etdiz. İndiki gənc futbolçular Kriştiano Ronaldo, Lionel Messi, Ronaldinyo və digər futbolçuları özlərinə kumir seçir. Bəs sizin idealınız kim idi?
- Belə bir futbolçu olmayıb. O zaman bizim böyük seçimimiz yox idi. “Neftçi”də oynayan hər bir şəxsiyyətə qibtə edirdik. Şükürlər olsun ki, biz də bu klubun şərəfini qoruya bildik.
- “Neftçi”də oynamaq arzunuza çatmısınız. “Ağ-qaralar” çox vaxt keçmiş futbolçularını mətbuat xidməti vasitəsilə təbrik edir. Ancaq sizin təbrik olunmağınız rastıma çıxmadı. “Neftçi”dən sizinlə əlaqə saxlayan olub?
- Olmayıb, olmasın. Oldu nə olacaq, olmadı nə? Belə şeylərin dərinliklərinə getmirəm, özləri bilərlər.
- AFFA-dan da təbrik edən olmayıb?
- Belə çox dərinə getməyək, dedim axı, müsbət şeylərdən danışaq.
- Onda qayıdaq “Spartak”a getmək istədiyiniz məsələyə. Əvvəlcə sizi “Neftçi”dən buraxmayanlar daha sonra nə üçün gedişinizə icazə verdilər?
- Müqaviləmin bitməsinə üç oyun qalmışdı. “Spartak” o vaxt 20 min rublu “Neftçi”nin hesabına keçirdi və sonra mənə icazə verdilər. “Spartak”da üç oyuna çıxdım, iki qol vurdum. Sonra ordan da “Alaniya”nın yolunu tutdum. Həmin vaxt “Alaniya”ya keçməsəydim, necə olacaqdı, bilmirəm. Rusiyanın bombardir legionerlərindən idim. Sonra ÇSKA-ya Vaqner Lav gəldi, “Zenit”ə Halk gəldi. Böyük futbolçuların böyük klublarda qol vurması rahatdır. Biz əsas çalışırdıq ki, orda göstərək ki, azərbaycanlılar da futbol oynaya bilirlər.
- Övladlarınızdan sizin yolunuzu gedən var?
- Xeyr, seçimləri fərqli olub.
- Dünya futbolunda keçmiş ulduzların övladları artıq özlərini göstərməyə başlayıb. Nə əcəb Azərbaycan futbolunun önəmli siması Nazim Süleymanovun övladları onun yolunu davam etdirmədi?
- Bəli, düzdür. Dünya futbolunda əfsanələrin övladları artıq ulduzlaşmağa başlayır. Bizdə də var, məşqçilərin övladları futbol oynayırlar, pis də çıxış etmirlər. Bu, çox gözəldir. Ancaq mənim övladlarım seçimlərini ediblər.
- Azərbaycan futbolundan küsməmisiz?
- Son vaxtlar çox şey gördüm, artıq bundan sonra da çox şey gözləmirəm. Mən və digər həmkarlarımın potensialları özlərində qalır. Bizim indi işləyən vaxtımız idi, çalışıb Azərbaycan futboluna xidmət etməliydik. Lakin bizə imkan vermir, şərait yaratmırlar. Artıq bundan sonra nə olacağını zaman göstərəcək.
- Nazim bəy, karyeranızda başınıza gələn maraqlı hadisələrdən nələr var? Hansı ki, heç vaxt unutmayacaqsız.
- 1992-ci ildə “Alaniya”da olarkən “Rotor”la oynayırdıq. Hər iki komanda ilk üçlük uğrunda mübarizə aparırdı. Oyunun gedişində diktor elan etdi ki, Özbəkistandan gələn Mircəlal Qasımov qol vursa, ona 250 min rubl veriləcək. Sonra birdən diktor yenidən elan verdi. Dedi ki, Vladiqafqaz şəhərinin meri ilk qolu vurana bir milyon rubl verəcək. Necə oldusa, topu mərkəzdən götürərək, cərimə meydançasına girib, rəqibləri aldadıb, qəşəng qol vurdum. Bu qüvvə mənə hardan gəldi, heç bilməmişdim (gülür). Sonra mətbuatda adım “Milyonçu Nazim” kimi qeyd olunmuşdu. Pulu aldıqdan sonra komanda yoldaşlarım arasında da bölüşdürmüşdüm. 1991-ci ildə “Alaniya” ilə müqaviləmdəki bəndə görə mənə maşın verməli idilər. “Metallist Xarkov”la oyunda top küncdən zərbə zamanı sol ayağıma gəldi və necə vurdumsa, “doqquzluğ”a getdi. Oyundan sonra paltardəyişmə otağına rəhbərlik gəldi və bizi təbrik etdi. Rəhbərlik soruşdu ki, “Nazim, qolu hara vurdun?” Mən cavab verməmiş, kapitanımız dedi ki, “doqqzluğ”a vurdu. Bundan sonra rəhbərlik mənə bildirdi ki, sabah gəlib “099”-u (VAZ 21099 markalı avtomobil) götürərsən. Mən Şimali Osetiya vilayətinin “Şöhrət” ordeni ilə mükafatlandırmışdım. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu, qəhrəmanlıqdır. Bir azərbaycanlının bunu alması pisdir? Niyə bunları dilə gətirən yoxdur? Mən Azərbaycanı, xalqımı təmsil etmişəm. Rusiyanın millisinə dəvət almışdım, lakin imtina edib, Azərbaycanı seçdim. Mən azərbaycanlıyam və bununla da fəxr edirəm.
- Artıq 56 yaşınız oldu. Bu günə kimi aldığınız ən böyük hədiyyə nədir?
- Vallah, hədiyyə almağı xoşlayan adam deyiləm. Kimsə də hədiyyə gətirəndə, ondan imtina edə bilməzsən axı. Ən yaxşı hədiyyəm torpaqlarımızın işğaldan azad edilməsidir. Xalqımızın bir olması, ərazi bütövlüyümüzün bərpası mənim üçün ən böyük hədiyyədir. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizin də Allah şəfalarını versin. Məncə, ən böyük hədiyyə Qarabağın işğaldan azad edilməsidir. (komanda.az)