“İsraildəki “Böyük Dəbilqə” yarışında iştirak etməməyim zədə ilə bağlı deyil. Şükür Allaha, tam sağalmışam. Sadəcə, indi 5-7 martda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə”yə hazırlaşıram. Ona görə də çəki salmaqla məşğulam”.
Sportarena.az xəbər verir ki, bunu Azərbaycanın cüdo millisinin lideri Rüstəm Orucov deyib.
O, 18-20 fevral tarixlərində İsraildə keçiriləcək yarışda iştirak etməməsinin səbəbini çəki salmaq, yorğunluq və Olimpiya reytinqində ikinci olması ilə əlaqələndirib:
“İsrailə gedən idmançılardan Məmmədəli Mehdiyev istisna olmaqla, əksəriyyətində lisenziya xalları çatmır. Və ya eyni çəkidə iki idmançımız var deyə, rəqabət aparmaq üçün yarışırlar. Məmmədəli özü İsraildə yarışmaq istədi. Mən də Türkiyənin Antalya şəhərində keçdiyimiz təlim-məşq toplanışından sonra İsrailə gedə bilərdim. Amma yorğunluq vardı deyə, fikirləşdim ki, Bakıya qayıdıb növbəti yarış üçün çəki salaram.
Açığı, mən Olimpiadaya lisenziyanı, demək olar ki, təmin etmişəm. Ona görə də hər bir yarışda iştirak etməyim məcburi deyil. Çünki çox yarışda iştirak etməklə zədə almaq ehtimalım var. Hər yarış üçün çəki salmaq da düzgün deyil. Peşəkar idmançı üçün ildə 3-4 yarışda iştirak etmək kifayət edir. İl ərzində dünya, Avropa çempionatları, iki Qran Pri və ya “Böyük Dəbilqə” bəs edir”.
73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Tokio Yay Olimpiya Oyunlarına qədər iştirak edəcəyi yarışları da açıqlayıb: “Özüm üçün Olimpiadaya qədər iştirak edəcəyim yarışları müəyyənləşdirmişəm. Özbəkistandakı yarışdan sonra Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatında (16-18 aprel) da çıxış edəcəyəm. Olimpiadadan bir ay qabaq Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında (6-13 iyun) çıxışım isə 50/50-dir. Dünya çempionatındakı yarışda iştirak etməyə hələ tam qərar verməmişik”.
Qeyd edək ki, Azərbaycan İsraildəki yarışda 15 cüdoçu (12 kişi və 3 qadın) ilə təmsil olunacaq. oxu.az