"Bu səhv növbəti görüşlərdə aradan qaldırılacaq" - "Qarabağ"ın mətbuat katibi

18:10 20 Fevral 2021

"Burada Azərbaycan dilinə hörmətsizlikdən söhbət gedə bilməz".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın Mətbuat katibi Gündüz Abbaszadə serbiyalı futbolçu Uroş Matiçin formasındakı adın başqa əlifba ilə yazılmasına münasibət bildirərkən deyib.

 

Abbaszadə "Qarabağ" klubunun illərdir bu məsələyə həssas yanaşdığını vurğulayıb: "Digər əcnəbi futbolçuların adları Azərbaycan dilinin qaydalarına, tələbinə uyğun yazılıb. Filip Ozobiçi misal göstərə bilərəm. Xayme Romeronun adı belə ispan dilində tam fərqli səslənsə belə, Azərbaycan dilinin qaydalarına uyğun olaraq "X" hərfi ilə yazılıb. Çünki dilimizin qaydaları bunu tələb edir. O ki qaldı Matiçin formasındakı məsələyə, bu, texniki səhvdir. Məsələyə həssaslıqla yanaşırıq. Uzun illər Azərbaycan adını, ölkə futbolunu Avropada qürurla təmsil edən bir klub heç vaxt dilimizə hörmətsizlik etməz".

 

Abbaszadə növbəti görüşlərdə yanlışlığı aradan qaldıracaqlarını da söyləyib.

 

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt"la səfər oyununda əsasnaməni pozub. Komandanın futbolçusu Uroş Matiçin formasında Azərbaycan əlifbasında yer almayan hərfdən istifadə edilib.

 

Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov "Qarabağ" klubunun Azərbaycan Premyer Liqasının XVI turunda "Sumqayıt"la səfər matçında əsasnaməni pozduğunu bildirib. Abbasov Ağdam təmsilçisinin serbiyalı futbolçusu Uroş Matiçin oyun formasındakı yazının qaydalara zidd olduğunu vurğulayıb: 

 

"Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun və I Divizionun Əsasnaməsində də qeyd olunduğu kimi futbolçu futbolkaları Azərbaycan əlifbasından istifadə etməklə yazılmalıdır. Yəni əlifbamızdan kənara çıxmaq olmaz. Matic və ya Matiç kimi yazmaq olar, "Matic`" yazılışı isə hazırkı qaydalara ziddir. Amma digər tərəfdən, bunun bir az yanlış xatırlama olduğunu görmək olar. Siyahıda olan oyunçulara baxın. Zubir, Ozobiç adları və ya soyadları yazılarkən hətta əlifbamız qorunmaqla yanaşı, səslənmə də qorunub".

 

PFL rəsmisinin sözlərinə görə, insan faktorları olan yerdə səhvlər də qaçılmazdır. "Təcrübəmdən deyə bilərəm ki, ad, soyad, "nickname" futbolçu üçün çox vacibdir, amma qaydalar mütləq izlənməlidir. Komandanın baş məşqçisi hələ Rusiyada oynayanda jurnalistə "Mənim adım Kurban Kurbanov yox, Qurban Qurbanovdur" demişdi. Yəni, ad məsələləri hər zaman müzakirə mövzusudur. Amma qaydalar var və bu qaydalar önəmlidir".

 

Abbasov onu da əlavə edib ki, bu tip məsələlər AFFA İntizam Komitəsində müzakirə olunur və müvafiq qərarlar çıxarılır.

 

Matiç əvvəllər də arxasında "Matic`" yazılmış formalarla oyuna çıxıb. Sadəcə, məsələ həmin vaxt diqqətdən yayınıb və yalnız ötən gün sosial şəbəkədə gündəmə gətirilib.

 

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı qolsuz bərabərliklə başa çatıb. PFL-in əsasnaməsinin 4.4 bəndinə görə, formalardakı yazılarda Azərbaycan əlifbasından istifadə olunmalıdır: "Başqa əlifbadan istifadə edən klublar cəzalandırılacaq".


Xəbər xətti