"Hakimlərin bizə qarşı antipatiyası var" - "Qəbələ"nin baş məşqçisi

20:30 20 Fevral 2021

"Oyun ağır keçdi. Rəqib yaxşı komandadır. Kollektivi oyuna kökləmişdik. Futbolda vurmayana vurarlar. Məncə, ədalətli nəticə olmadı. Çempionatda heç bir kollektivdən çəkinmirəm. Futbolçulara inanıram, sadəcə qol çatışmır. Qarşıdakı görüşlərdə bunu aradan qaldıracağıq".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XVI turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

 

41 yaşlı mütəxəssis bildirib ki, XVI tur ərzində penalti vurmayıblar: "Hakimlərin bizə qarşı antipatiyası var. "Neftçi"yə bəzi epizodlarda cərimə verdilər bizə isə yox. Bəlkə "Neftçi" rəsmiləri hakimə təzyiq edir. Bizə kömək lazım deyil. Hər zaman hakimlərin bizə qarşı səhvi olur. Səhvlər düzəlmir, ard-arda davam edir. Hakimlər də nəticə çıxarmalıdır. Biz oyunumuzla göstərəcəyik ki, "Qəbələ" yaşayır və yaşayacaq".

 

Baxşıyev meydandan qovulması haqqında bunları söyləyib: "Baş hakim mənə deyir ki, xətti tapdalamısan. Baxıram ki, 5-10 santimetr irəlidəyəm. Buna fikir verirlərsə, futboldan danışmaq olmaz. Bizə kömək lazım deyil. Rəqibi təbrik edirəm. Mənim komandam meydanda futbol adına hər şey etdi" (Report).


Digər xəbərlər

Xəbər xətti