“Zirə”nin hücumçusu Ağabala Ramazanov legioner həyatı yaşamaq qərarına gəlib.
Sportarena.az xəbər verir ki, 28 yaşlı forvard ilk dəfə ölkə xaricinə çıxmaq niyyətindədir. Son vaxtlar Azərbaycan millisinə də dəvət edilməyən Ağabala bir növ gücünü başqa çempionatda sübut etmək istəyir. Bununla bağlı onun menecerliyini edən qardaşı Zaur Ramazanov fəaliyyətə başlayıb.
Cinah hücumçusunun xidmətində maraqlı olan bir klub da artıq var. Əldə etdiyimiz məlumata görə, Çexiya yüksək liqa təmsilçisi “Banik” Ağabalanın transferi sayəsində hücumu gücləndirməyi planlaşdırır.
Ön xəttə bir neçə namizədi olan Ostrava klubu tezliklə Ağabalanın qardaşı Zaur Ramazanovla təmasa keçərək, danışıqlara başlayacaq.
Forvardın “Zirə” ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, onun yayda hansısa kluba azad agent kimi keçməsində problem yoxdur (apasport.az).