"Komandanı iki gündür ki, qəbul etmişəm. Hansı rəqibə qarşı mübarizə aparacağımızı bilirdik. Kollektivdə komanda ruhu, futbolçuların istəkli və əzmli olduğunu gördüm. İki gün içərisində belə vəziyəti görmək çox xoş oldu".
Sportarena.az xəbər verir ki, bu sözləri "Sabah"ın müvəqqəti baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 20-ci turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
O, istefaya göndərilən ispaniyalı baş məşqçi Visente Qomes haqqında bunları deyib: "Bu, klub rəhbərliyinin işidir. Məsələdə qırılma anı olub. Qərar verildi ki, Visente Qomeslə yollar ayrılmalıdır. Xırdalıqları açıqlaya bilmərəm".
Quliyev baş məşqçi kimi komandanı cəmi bir məşqə çıxardığını deyib: "Komandanı özünə inandırmaq istədim. İki gündə demək olar, yatmamışam. Heyət olaraq hər şeyin ən yaxşısına qadirik. Bu mübarizə ilə çox şey etmək olar. Vacib olan futbolçularda özünəinamı yaratmaq idi".
Baş məşqçi topa daha çox sahib olmaq üçün Tiemoko Fofanadan yararlanmadıqlarını qeyd edib. O, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev haqqında da danışıb: "Onunla 2-3 dəfə söhbət etmişəm. Ramildə ruh düşkünlüyü və inamsızlıq var. Ona şans verəcəyəm ki, özünü sübut etsin. Ümid edirəm ki, yaxın zamanda fərqli Şeydayev görəcəksiniz".
Quliyev klub rəhbərliyinin ona dəstək olduğunu vurğulayıb: "Mən müvəqqəti baş məşqçiyəm. O müvəqqəti sözünü götürə bilsəm, kluba da, mənə də xeyirdir".