"Hər iki tərəf qalib gəlmək istəyirdi. Rəqib komandada baş məşqçi dəyişikliyi komandaya müsbət təsir edib".
Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib:
"Rotasiyalara əl atmağa məcbur olduq. Fasilədən istifadə etməliyik. Dördüncü dövrədə uğurlu olmağa çalışacağıq" - deyə o bildirib. Abbasov oyun ərzində iki dəfə geridönüş etmələrinin onu sevindirdiyini söyləyib: "Sürət var idi, hər iki tərəf qalib gələ bilərdi. Futbolda belə bir deyim var: uda bilmirsənsə, çalış uduzma".
"Sumqayıt"ın baş məşqçisinin sözlərinə görə, əsas milli və U-21 yığmasına çox saylı futbolçu vermək onu həm sevindirir, həm də düşündürür: "Belə də, ehtiyat oyunçu skamyası geniş olmalıdır ki, bu da bizdə yoxdur. Dua edəcəyik ki, millidən gələn futbolçular düşərgəmizə zədəli qayıtmasın".