“Ankaraspor” yenə “Qarabağ”ın sabiq məşqçisi ilə anlaşdı

10:53 17 Mart 2021

Türkiyənin “Ankaraspor” klubuna yeni baş məşqçi təyin olunub.

 

Sportarena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra vaxtilə “Qarabağ” və “Neftçi”də də işləmiş Mehmet Ak çalışdıracaq. Bu barədə TFF 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. O, artıq komandanı ilk məşqə də çıxarıb.

 

Qeyd edək ki, bu, Mehmet Akın cari mövsümdə Ankara təmsilçisinə ikinci baş məşqçi təyinatıdır. O, ötən il dekabrın 16-da bu komandanın “sükanı arxasına” keçsə də, cəmi 7 oyundan sonra istefa vermişdi. “Ankaraspor” həmin oyunlardan birini qələbə, birini heç-heçə, qalanlarını isə məğlubiyyətlə bitirmişdi.

 

“Ankaraspor” 1-ci liqada bu mövsüm keçirdiyi 26 oyunda cəmi 16 xal toplayıb və 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb. Mehmet Ak yeni təyinatından sonrakı ilk matçını martın 21-də Araz Abdullayevin formasını geyindiyi “Boluspor”a qarşı keçirəcək.

 

Xatırladaq ki, Mehmet Ak vaxtilə “Qarabağ” və “Neftçi”də köməkçi-məşqçi kimi işləyib.


Digər xəbərlər

Xəbər xətti