"Təəssüf ki, Azərbaycanla İtaliyada oynayacağıq" - AÇIQLAMA

13:39 17 Mart 2021

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Serbiya və Lüksemburqa qarşı oyunlardan əvvəl mətbuat konfransı təşkil edib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis müxtəlif məsələlərdən danışıb:

 

"Karantin məsələsi həll edildi. İngiltərədəki oyunçuların milliyə gəlməsi üçün hansısa problem yoxdu. Mən hüquq üzrə mütəxəssis deyiləm, amma aydın görünür ki, oyunçular yığmaya gələ bilərlər. Seçmə mərhələdəki ilk üç oyunumuzun hamısı ölkə xaricində baş tutacaq. Təəssüf ki, ilk görüşümüzü burada yox, İtaliyada oynayacağıq.

 

Bizi qarşıda olduqca çətin oyunlar gözləyir. Bu, Avropa çempionatına gedən yol kimi asan olmayacaq. Xüsusilə startdakı 3 qarşılaşma həlledici olacaq. Çünki bu görüşlər mundiala vəsiqənin başlanğıcını qoyacaq. Hazırda mənə aktual görünən yeganə məqam budu. Başqa alternativ variant görmürəm. Mayda Avropa çempionatının final mərhələsinə hazırlaşacağıq. Amma həmin turnirin seçmə mərhələ ilə heç bir əlaqəsi yoxdu. Düzdü, sıx qrafikdə oynamalı olacağıq. Amma bəhanə axtarmağın mənası yoxdu. Qarşıda 3 xal qazanmalı olduğumuz oyunlar var. Bunlar qrupdan çıxmaq üçün əsas matçlardı. Heyətdə yeni futbolçular olduğundan bütün diqqətimizi bir yerə cəmləşdirməliyik".

 

Portuqaliya yığması Azərbaycan millisi ilə martın 24-də İtaliyada qarşılaşacaq. Turindəki "Allians Stadium"da keçiriləcək matça Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Bundan 3 gün sonra Belqradda Serbiya yığmasının qonağı olacaq sözügedən yığmanı martın 30-da Lüksemburqla da səfər oyunu gözləyir.


Digər xəbərlər

Xəbər xətti